Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

O gün gəldi... - FOTO

O gün gəldi... - FOTO

Tarix: 16 Noyabr 2021 08:24

Ağdam işğal olunanda, təqdim etdiyimiz fotolardakı uşaqların çoxu heç dünyaya gəlməmişdi. Onları illər sonra Ağdamdan uzaqda, Bakıda ağdamsızlıq birləşdirdi. Eyni amal, eyni məqsəd uğrunda bir araya gəldilər.

Bir gün Ağdama qayıdacaqlarına əmin idilər. Bu əminlik hətta onların 2014-cü ildə bəstələdikləri mahnı da öz əksini tapdı.

7 il öncə ərsəyə gələn bəstədə deyilirdi: "O günlər gələcək yenə, səbir elə"...

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu birləşmə, bütövlük eyni zamanda təbliğat xarakteri də daşıyırdı.

Söhbət Ağdamın "Qarabağ" klubunun çılğın fanatlarından gedir. Onları bir araya gətirən dəyərin adı "İmarət"dir.

Bəlli olduğu kimi, "İmarət" "Qarabağ"ın Ağdamda işğala qədər ev oyunlarını keçirdiyi stadionun adı olub. 2009-cu ilin noyabrında yaradılan azarkeş qrupuna bu adın verilməsi də məhz həmin arenayla bağlıdır.

"İmarət"in tribunlarda səsləndirdiyi müxtəlif şüarlar var. Onlardan ən diqqət çəkənlərdən biri də, Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovla bağlıdır.

Allahverdi Bağırov döyüşçü olması ilə yanaşı, vaxtı ilə Ağdam klubunun həm futbolçusu, həm də baş məşqçisi olub. Bu ad "İmarət"çilər üçün çox doğmadır.

Döyüşçü ruhundan irəli gələrək, qarabağlı azarkeşlər özlərinə "Allehverdi Bağırovun əsgərləriyik" deyirlər. Bu səbəbdən "Qarabağ"ın hər oyununda "İmarət"in yer aldığı tribunada Allahverdi Bağırovun şəklini görmək mümkündür.

"İmarət"çilər əbəs yerə özlərinə "Allahverdi Bağırovun əsgərləriyik" demirlər.  Bu vətənpərvərlik əməldə də təsdiqini tapıb. Belə ki, "İmarət" Vətən müharibəsində ən aktiv, ən fəal azarkeşlərindən biri Məhəmmədəli İbrahimlini şəhid verib. Bu o Məhəmmədəli idi ki, hər zaman "Qələbə sadəcə inamdır" deyirdi. İndi bu azarkeş qrupunun yer aldığı tribunada Allahverdi Bağırovla yanaşı, Məhəmmədəlinin də şəkli nümayiş olunur.

Vətən müharibəsində qazanılan qələbə həm də, illər sonra "İmarət"in "İmarət"inə qovuşmasına səbəb olub.

"Qarabağ"ın ən yaradıcı və aktiv azarkeş qrupu işğaldan azad olunandan sonra ilk dəfə doğma Ağdama ayaq basıblar. Onların ilk ziyarət etdikləri yer də Allahverdi Bağırovun məzarı, "İmarət" stadionu olub. Ağdamı gəzən gənclər, "İmarət"də futbol oynamağa da fürsət tapıblar. Beləcə, azarkeş qrupunun 12 yaşı anlamlı şəkildə qeyd edilib.

Onlar artıq Ağdamlı ağdamlılar, Qarabağlı qarabağlılardır. Bəstədə deyildiyi kimi - o gün gəldi -  "İmarət" "İmarət"də!


Etiketlər:  gün gəldi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ