Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hövsanda dənizə axıdılan çirkab: üfunət qəsəbəni də bürüyüb... - FOTO

Hövsanda dənizə axıdılan çirkab: üfunət qəsəbəni də bürüyüb... - FOTO

Tarix: 25 Noyabr 2021 21:08

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Dövlət Neft Şirkəti və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının mütəxəssislərindən ibarət qrup bu günlərdə  Xəzər dənizinə və onun ətraf mühitinə təsirlərin müəyyənləşdirilməsi, mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə monitorinq keçirib. Monitorinqin nəticələri hələlik açıqlanmayıb, amma elə bu  araşdırmaların getdiyi günlərdə əməkdaşlarımız aşkar ediblər ki, Hövsan qəsəbəsi ərazisində çirkab suyu təmizlənmədən dənizə axıdılır, eləcə də Hövsan aerasiya stansiyasının cəmi 500 metr uzaqlığından keçən açıq su kanalı məişət tullantıları ilə doludur.

Qeyd edək ki,  Hövsan ərazisində dənizin çirkləndirilməsi illərdir davam edir, məsələ mətbuat və ətraf mühit fəalları tərəfindən dəfələrlə qaldırılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə hər dəfə cərimə tətbiq etməklə, yaxud təkliflər qaldırmaqla problemə öz münasibətini ortaya qoyur, "Azərsu" Səhmdar Cəmiyyəti isə bu cür davamlı şəkildə Xəzərin çirkləndirilməsi probleminin həlli istiqamətində hansısa əməli iş görmür.

Bəlli olduğu kimi, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Hövsan ərazisi illərdir çirkli, çimmək üçün yararlı olmayan çimərliklərin siyahısına daxil edilib.

Üfunət iyi Hövsanı bürüyüb...

Hövsanda dənizə axıdılan çirkab: üfunət qəsəbəni də bürüyüb...Hövsan aerasiya stansiyasının cəmi 500 metr uzaqlığından keçən açıq kanal Xəzəri çirkləndirən mənbələrdən biridir. Kanalın içərisində plastik su qablarından tutmuş uşaq bezlərinə qədər  ən müxtəlif tullantılardan ibarət zibil poliqonu yaranıb. Ərazi yol kənarına yaxındır, kanaldan gələn üfunət iyi Hövsanın içərilərinədək yayılır.

Yaxınlıqdakı fərdi yaşayış evlərinin sakinləri bildiriblər ki, Hövsan aerasiya stansiyasında kanalizasiya suları təmizlənərək dənizə axıdılır. Amma müəssisənin təxminən 500 metr yaxınlığından keçən açıq kanalı tullantılarla çirkləndirirlər, üstəlik, çirkab su birbaşa dənizə axıdılır. Lakin buna məhəl qoyan yoxdur.

Hərçənd ki, Hövsanda dənizə yaxın ərazilərin zəbt edilərək evlərin tikilməsi, qeyri-qanuni məskunlaşma da dənizin çirkləndirilməsinin səbəblərindən biridir. Bu yeni salınan yaşayış məhəllərində  kanalizasiya xətləri olmadığından çirkab suları birbaşa dənizə axıdılır.

Kanalı zibilləyən yaxınlıqda yaşayanlardır

Elə kanalın üzərindəki tullantıların da məhz yaxınlıqdakı sakinlər tərəfindən atıldığı güman edilir. Adının açıqlanmasını istəməyən sakinlərdən biri əlavə edir ki, bir neçə dəfə qonşusunun zibili kanala atdığının şahidi olub.

"Baxın, bura evlərdən bir qədər uzaqdadır. Amma zibil qutuları azdır, heç kim özünə əziyyət verib zibilini zibil qutularına atmaq istəmir. Bir də baxırsan, maşını yolun kənarında saxlayıb zibili kanala atıb gedirlər. Nəzarət edən isə yoxdur",-sakin danışıb.

Ətraf mühit fəalı Emil Qəmbərov isə deyir ki, çirkab suların dənizə töküldüyü yerdən başlayaraq suyun axma mənbəyini izləyiblər: "Hövsanın içərilərinə qədər izləyə bildik, bundan sonra izləmək mümkün olmadı. Çünki sonradan çirkab sularının axını yerin altı ilə davam edir. Yerli sakinlər də suyun haradan gəldiyini bilmirlər".

Rəsmi strukturlar nə deyir?

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllı bildirib ki, həmin açıq kanal hələ sovet dövründən mövcuddur. Neft mədənlərinin lay sularının kənarlaşdırılması üçündür. A.Cəbrayıllı kanalın yerləşdiyi ərazinin onların balansında olmadığını da qeyd edib.

Lakin yaşayış məhəllələrində kanalizasiya xətləri çəkməyə  və çirkab sularının təmizlənərək dənizə axıdılmasına cavabdeh struktur  da "Azərsu"dur. Bu baxımdan "Azərsu" ASC-nin bu problemdən yaxasını kənara çəkməsi anlaşılmır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə isə bildirib ki, bu ilin iyun-iyul aylarında aparılmış araşdırmalar zamanı "Suraxanı Oyl Opereyşn Kompani S.A" və "Balaxanı Opereyşn Kompani LTD" şirkətlərinin fəaliyyət zonasına daxil olan neft-qaz yataqlarında neftin hasilatı zamanı formalaşan lay suların qapalı dövr sistemində idarə edilmədiyi və müxtəlif axarlar vasitəsilə zərərsizləşdirilmədən açıq kanal vasitəsilə Hövsan kanalına, oradan da Xəzər dənizinə axıdıldığı müəyyən edilib.   

Həmin şirkətlərin Azərbaycandakı nümayəndəliklərinin hüquqi şəxs qismində cərimə olunması üçün toplanmış sənədlər Suraxanı və Sabunçu rayon məhkəmələrinə göndərilib. Problemin aradan qaldırılması üçün şirkətlərə "məcburi göstərişlər" verilib.

H.Əlizadə Hövsan ərazisində dənizin çirkləndirilməsi ilə bağlı problemin mövcud olduğunu təsdiqləyib.

Lakin həmin şirkətlərin cərimələnməsi barədə təqdimatın göndərilməsindən  4 aya qədər vaxt keçsə də, çirkab sularının axıdılmasının davam etməsi sübut edir ki, Hövsan kanalı hələ uzun illər Xəzəri çirkləndirən mənbə olaraq qalacaq.

Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov isə bildirib ki, Xəzər dənizinin çirklənməsi və dənizin ekoloji vəziyyəti barədə monitorinqin nəticələri dekabrın ilk ongünlüyünədək açıqlanacaq. Hazırda götürülmüş nümunələr laboratoriyalarda yoxlanılır.

Xəzəri çirkləndirən mənbə isə şübhəsiz ki, təkcə Hövsandakı kanal və oradan dənizə axıdılan çirkab suları deyil, başqa mənbələr də var. O cümlədən dənizin faunasının son illərdə ciddi ölçülərdə zərər gördüyü, balıq ehtiyatlarının sürətlə azaldığı barədə ekoloqlar neçə vaxtdır həyacan təbili çalırlar.

Milli.Az


Etiketlər:  Hövsanda dənizə axıdılan çirkab üfunət qəsəbəni bürüyüb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ