Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan Bakıya təklif hazırlayır? - Azərbaycanın istədiyi kimi...

Ermənistan Bakıya təklif hazırlayır? - Azərbaycanın istədiyi kimi...

Tarix: 17 Dekabr 2021 00:16

"Brüssel görüşü rəsmi Bakı üçün çox yaxşı nəticələrlə yekunlaşdı".

Bunu Milli.Az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, Azərbaycan və Ermənistan liderlərinin təkbətək görüşləri regional sülhün bərqərar olunması və sülhün dayanıqlılığının artırılması baxımından çox əhəmiyyətlidir:

"İstər Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə keçirilmiş görüş, eləcə də NATO-nun Baş katibi Yens Stoltenberqlə keçirilmiş görüşlər Azərbaycan üçün məhsuldar oldu. Eyni zamanda nəzərə almaq lazımdır ki, Ermənistanın baş naziri Nikol Paşinyanla da keçirilmiş görüşlərin nəticəsi kimi Şarl Mişelin bəyanatında Azərbaycanın arqumentləşdirilmiş mövqeyinə uyğun olaraq fikirlər yer aldı. Belə ki, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası istiqamətində Avropa İttifaqı məsləhətçi qismində iştirak etmək niyyətini ifadə edir. Digər tərəfdən bəyanatda "Dağlıq Qarabağ" ifadəsinə rast gəlinmədi. Bununla yanaşı, Ermənistanın irəli sürməyə çalışdığı "status" haqqında heç bir fikir yoxdur. Həm də önəmli bir xüsus da bundan ibarətdir ki, ATƏT-in Minsk Qrupunun həmsədrlik institutu haqqında da heç bir cümlə yer almayıb. Əvəzində sülh istiqamətində, sülhə çağırışla bağlı geniş fikirlər var. Bu istiqamətdə Ermənistan tərəfi də təşəbbüslər göstərməlidir. Müdrik siyasi addımların atılması Ermənistan tərəfindən arzuolunandır. 

Sülhün dayanıqlılığının artırılması istiqamətində sülh sazişinin imzalanması bu gün mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda Avropa İttifaqının itkin düşmüş şəxslərin aqibətinin müəyyənləşdirilməsi ilə bağlı çağırışları da Azərbaycanın maraqlarına uyğundur. Çünki Birinci Qarabağ müharibəsi yekunları kimi 4 min Azərbaycan vətəndaşları haqqında heç bir məlumatı Ermənistan tərəfi vermir. Bu cür siyasi dialoqların davam etdirilməsi mühüm əhəmiyyəti ilə seçilir.

Eyni zamanda Brüsseldə keçirilmiş görüşlər çərçivəsində Azərbaycan və Ermənistan liderləri həm də təkbətək görüşdülər və siyasi təmasların davam etdirilməsi regional sülhün bərqərar olunması və sülhün dayanıqlılığının artırılması baxımından da mühüm əhəmiyyət kəsb edir. Soçi görüşünün nəticələri kimi Brüssel görüşünün nəticələri də Azərbaycanın milli maraqları kontekstində çox əhəmiyyətlidir və düşünürəm ki, Brüssel görüşünü Azərbaycan diplomatiyası üçün uğurlu hesab etmək olar".

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Ermənistan Bakıya təklif hazırlayır Azərbaycanın istədiyi kimi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ