Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2019 15:42
Bakı. Samir Əli - Trend:
Bu gün biz ölkəmizdə həyata keçirilən uğurlu sosial siyasətin, bu istiqamətdə atılan çevik və praktik addımların parlaq nümunələrinin real həyatda təsdiqini görürük. Möhtərəm Prezidentimiz tərəfindən verilən vədlər sözdə deyil, əməldə öz təsdiqini tapır. Belə ki, dövlətimizin başçısı İlham Əliyevin 2019-cu il iyunun 18-də imzaladığı sərəncamlara uyğun olaraq, 1 sentyabr 2019-cu il tarixdən minimum əməkhaqqı 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılıb. Dövlət sektorunda çalışanların əməkhaqlarında 20-50 faiz artım baş verib. Bununla da Azərbaycanda minimum əməkhaqqı məbləğinin 92,3 faiz artırılmasına, həmin məbləğin yaşayış minimumunu 40 faiz üstələməsinə nail olunub.
Bu sözləri Trend-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə söyləyib.
Vüqar Rəhimzadə qeyd edib ki, vətəndaşların sosial rifahının daha da yüksəldilməsinə yönəlik atılan bu və digər addımlar dövlət siyasətinin mərkəzində insan amilinin dayandığını bir daha təsdiq edir: “Hər zaman xüsusi olaraq vurğulanır ki, Azərbaycan dünya miqyasında sosial dövlət kimi tanınır. Bu, ondan irəli gəlir ki, ölkə rəhbəri daim öz xalqını, öz vətəndaşını düşünür. Hesabatlara nəzər yetirsək, görərik ki, ölkəmiz minimum əməkhaqqının səviyyəsinə görə MDB dövlətləri ilə müqayisədə alıcılıq qabiliyyəti indeksi üzrə artıq ikinci yerdədir. Artan minimum əməkhaqqı əhalinin gəlirlərinin çoxalmasına gətirib çıxarır, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artmasını, digər tərəfdən, əməyin leqallaşdırılmasını stimullaşdırır. Şübhəsiz ki, biz gələcəkdə də bu cür uğurlu məqamların, nümunələrin tez-tez şahidi olacağıq”.
“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, təsdiqlənən mühüm sosial paketlərin əhatə dairəsi çox genişdir: “Rəqəmlərə diqqət yetirsək, hər şey daha aydın görünər. Belə ki, ikinci sosial paketin tərkib hissəsi kimi minimum əməkhaqqı və dövlət sektorunda işləyənlərin əməkhaqlarının artımı ümumən 1 milyon 350 min insanın gəlirlərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Doğrudan da sadalanan rəqəmlər kifayət qədər yüksək göstəricilərdir. Möhtərəm Prezidentimiz bütün bunlarla bir daha öz vətəndaşının yanında olduğunu göstərir, ona əsl rəhbər qayğısı, diqqət nümayiş etdirir. Bu cür səmimi və isti münasibət isə xalq tərəfindən daim yüksək qiymətləndirilir, insanlar hər zaman öz Prezidentinə minnətdarlıqlarını ifadə edirlər”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin