Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2022 22:42
"Təəssüflə qeyd etmək istərdik ki, Fransanın Avropa və xarici işlər üzrə naziri Jan İv Lö Drian tərəfindən bu gün bu ölkənin Milli Assambleyasında diplomata yaraşmayan bir tərzdə açıqlama edilib".
Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın Fransa xarici işlər nazirinin bu ölkənin Milli Assambleyasında söylədiklərini şərh edərkən deyib.
"Belə ki, təxribatçı məqsədlərlə Azərbaycan Prezidentini təhqir etməyə cəhd göstərən Milli Assambleyanın Respublikaçılar partiyasından olan üzvü Erik Siottiyə sərt cavab verilməli və ona həddi bildirilməli idi.
Nazir Lö Drian Azərbaycan Prezidentinin Valeri Pekressin Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri ilə əlaqədar söylədiyi fikirlərin "forma və mahiyyət etibarilə qəbuledilməz olduğunu" bildirib.
Prezidentin Valeri Pekressin Azərbaycana qanunsuz səfəri ilə əlaqədar açıqlaması tam məntiqi əsaslı və düzgündür.
Nazir Lö Drian tərəfindən digər ölkənin dövlət başçısının açıqlamasının məsuliyyətsiz və qəbuledilməz formada şərh edilməsi diplomatik ənənələrlə ziddiyyət təşkil edir. Təəssüflə qeyd edirik ki, Fransa kimi böyük dövlətçilik ənənələri olan ölkənin xarici işlər naziri bunu anlamır.
Prezident İlham Əlyevin Valeri Pekress, Mişel Barniyer və Brüno Retayyonun Azərbaycanın ərazilərinə qanunsuz səfəri ilə bağlı açıqlaması tam qanunidir; bu, Azərbaycan qanunlarını pozan şəxslərə qarşı tam adekvat bir cavabdır. Pekressin Fransa prezidentliyinə namizədlik statusu ona Azərbaycan qanunlarından üstün olmaq imtiyazı verə bilməz. O da digər hər hansı bir xarici vətəndaş kimi qəbul edilməlidir.
Xatırladırıq ki, xarici vətəndaşlar Azərbaycan ərazisinə qanunsuz səfər etdikdə onlara münasibətdə ya inzibati, ya da ölkənin Cinayət Məcəlləsinə uyğun olaraq müvafiq ölçü götürülür. Əgər Azərbaycan vətəndaşı Fransa qanunlarını pozsaydı və Fransa ərazisinə qanunsuz daxil olsaydı ona münasibətdə də adekvat ölçü götürülərdi.
Eyni zamanda bildirmək istərdik ki, Fransa hökumətinin 44 günlük müharibə və ondan sonrakı dövrdə işğalçı Ermənistanın tərəfində olduğu heç kimə sirr deyil. Fransa Milli Assambleyasının hər iki palatasının hətta Ermənistanın belə tanımadığı qondarma "Dağlı Qarbağ Respublikasını" tanımağa çağıran sənədlər qəbul etmişdir.
Qeyd etmək istərdik ki, 15 dekabr 2021-ci il tarixində Fransa Prezidentinin təşəbüsü ilə Prezident Makron və Prezident İlham Əliyev arasında keçirilmiş görüş zamanı qarşı tərəfin verdiyi ismarışlar bu ölkənin xarici işlər naziri Lö Drianın açıqlaması ilə ziddiyyət təşkil edir və Azərbaycan-Fransa münasibətlərinin normallaşnasına xidmət etmir.
Eyni zamanda vurğulamaq istərdik ki, istər Fransa, istərsə də digər dövlətlərin nümayəndəsi bir daha Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinə qanunsuz səfər edərsə, Azərbaycan öz Konstitusiyası və müvafiq qanunvericiliyi çərçivəsində lazımı addımları atacaq", - XİN rəsmisi bildirib.