Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2022 19:48
Gələn ayın 26-da Xocalı soyqırımının 30 ili tamam olacaq. Bu tarixi faciənin ildönümünə qalib Azərbaycan necə hazırlaşır?
Bu sual ətrafında müzakirələr indidən açılıb.
Eyni zamanda 44 günlük II Qarabağ müharibəsindən sonra Xocalının Azərbaycanın nəzarətinə keçməsi ilə bağlı gözləntilər hələ də doğrulmayıb. Bayrağımız o yaralı və şəhid şəhərimizdə nə zaman dalğalanacaq?
Ordumuz Xocalının bəzi kəndlərini işğaldan azad edib. Amma şəhər hələ də sülhməramlıların nəzarətindədir, ermənilərin istismarındadır.
Sonxeber.net "Yeni Müsavat"a istinadən xəbər verir ki, Xocalının deputatı Elman Məmmədov tezliklə bütün doğma torpaqlarına qayıdacaqları günü hər kəsin səbirsizliklə gözlədiyini vurğuladı:
"Xocalının da ermənilərin nəzarətindən alınmasının vaxtı çoxdan çatıb. Hamımız səbirsizliklə gözləyirik ki, digər rayonlarımız kimi, Xocalı da, bütövlükdə Xocavənd də, keçmiş Ağdərə rayonu da, Xankəndi də düşmən işğalından azad olunsun, düşmən işğalından təmizlənsin. Amma təəssüflər olsun ki, müəyyən səbəblərdən hələ ki bu baş verməyib. Bu gün Xocalı şəhərinin özündə və rayonun ərazisinin çox hissəsində ermənilər yaşayır. Ermənilərlə bərabər rus hərbi kontingenti də Xocalı şəhəri ərazisindədir. Özlərinə pravoslav kilsəsi də tikiblər. Orada-burada dağda, dərədə bir dığa tapan kimi onu gətirib Xocalıda məskunlaşdırırlar. Xocalıda yenidən ermənilər üçün evlər tikirlər. Amma hesab edirəm ki, bu o qədər də uzun çəkməyəcək. Böyük ərazilərimizi düşməndən təmizləyən, düşməni məğlub edən Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə Xocalını da ermənilərdən, düşmənlərdən, cinayətkarlardan təmizləyəcək, bizim idarəetməmizdə olacaq. Biz də doğma yurd-yuvamıza qayıdacağıq. 30 il ərzində hər zaman deyirdik ki, gələn ili Xocalıda, Şuşada, Laçında və digər işğal altında olan ərazilərimizdə keçirəcəyik. Bunun çoxuna nail olmuşuq. Az bir hissə qalıb. İnşallah, oralar da terrorçulardan təmizlənəcək. Doğma yurd-yuvamıza mütləq qayıdacağıq".
Deputat Xocalı soyqırımının 30 illiyində keçirilə biləcək tədbirlərdən də söz açdı:
"Hər il olduğu kimi, bi il də yəqin ki, dövlət başçısının rəhbərliyi altında 30 illiklə bağlı tədbirlər planı hazırlanacaq, təsdiq olunacaq. Həmin qrafik üzrə də tədbirlər keçiriləcək".