Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Sentyabr 2019 16:00
Bakı. Trend:
Prezident İlham Əliyevin 16 may 2019-cu il tarixli sərəncamı ilə Xalq artisti, tanınmış rəqqasə Roza Cəlilova “Şöhrət” ordeni ilə təltif edilib. Dövlət başçısının 25 may 2019-cu il tarixli sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə şairlər Vahid Əziz, Ramiz Rövşən və Musa Yaqub “Xalq şairi”, yazıçı-dramaturqlar Kamal Abdulla, Natiq Rəsulzadə və Afaq Məsud “Xalq yazıçısı” fəxri adlarına layiq görülüb.
Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, ölkə başçısının müvafiq sərəncamları ilə təltif edilmiş bir qrup mədəniyyət və ədəbiyyat xadiminə mükafatların təqdim olunması mərasimi keçirilib.
Mədəniyyət naziri Əbülfəs Qarayev mərasimdə çıxış edərək ölkəmizdə mədəniyyət və incəsənətin inkişafında xidmətləri olan şəxslərə dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilməsi ənənəsinin Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirdi. Qeyd etdi ki, Ümummilli liderin bu müdrik yanaşması Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir: “İnsanın əməyinin qiymətləndirilməsi onun fəaliyyətini stimullaşdırır, yaradıcılıq prosesinə müsbət təsir göstərir. Dövlətimiz yaradıcı insanların işini diqqət mərkəzində saxlayır, əsərlərinin təbliğinə dəstək verir. Ölkə başçısının sərəncamları ilə bu il də görkəmli ədəbiyyat və incəsənət xadimlərinin yubileyləri geniş şəkildə qeyd olunur, adları əbədiləşdirilir, əsərləri çap olunur. Bütün bunlar ölkə rəhbərliyinin mədəniyyətə böyük sevgisinin göstəricisidir”.
Nazir bu gün təltif edilən incəsənət və ədəbiyyat xadimlərinin Azərbaycan mədəniyyətinin inkişafına mühüm töhfələr verən insanlar olduğunu qeyd etdi. Bildirdi ki, Xalq artisti Roza Cəlilovanın Azərbaycan peşəkar rəqs sənətinin inkişafında özünəməxsus yeri var. Roza xanım bu gün ömrünün müdrik çağında da ruhən bağlı olduğu xoreoqrafiya sənətinin gələcəyi üçün çalışır.
Nazir qeyd edib ki, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla görkəmli ədəbiyyatşünas, dilçi alim olmaqla yanaşı, oxucuların rəğbətlə qarşıladığı yazıçı-dramaturqdur. Onun əsərləri ölkəmizin hüdudlarından kənarda da böyük maraqla oxunur. Kamal Abdulla Azərbaycanın malik olduğu multikultural dəyərlərin dünyada təbliğ olunmasında böyük xidmətlər göstərir.
Ə.Qarayev yazıçı, ssenarist Natiq Rəsulzadənin 40 ildən çoxdur ədəbi yaradıcılıqla məşğul olduğunu deyib. Qeyd etdi ki, müəllifin əsərləri bir çox dillərə tərcümə olunub, müxtəlif ölkələrdə işıq üzü görüb, nüfuzlu mükafatlara layiq görülüb. Natiq Rəsulzadənin ssenariləri əsasından çəkilən filmlər tamaşaçılar tərəfindən maraqla qarşılanır.
Nazir Azərbaycan Dövlət Tərcümə Mərkəzi İdarə heyətinin rəhbəri, yazıçı Afaq Məsudun bədii yaradıcılığından və fəaliyyətindən söz açdı. Bildirdi ki, Afaq xanım ədəbiyyatımıza və ədəbiyyatşünaslığımıza dəyərli əsərlər bəxş edən görkəmli ziyalılar nəslinin davamçısıdır. Onun rəhbərlik etdiyi Dövlət Tərcümə Mərkəzi tərəfindən Azərbaycan ədəbiyyatının dəyərli nümunələrinin müxtəlif xalqların dillərinə, eləcə də bir sıra dünya müəlliflərinin əsərlərinin dilimizə tərcümə edilərək oxucularımıza çatdırılması istiqamətində təqdirəlayiq işlər görülür. Eyni zamanda Afaq Məsud çağdaş Azərbaycan nəsrinin zənginləşməsinə sanballı töhfələr verir.
Görkəmli şair, ssenarist Ramiz Rövşənin Azərbaycanın oxucusunun ən çox sevdiyi qələm sahiblərindən olduğunu deyən nazir onun C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında fəaliyyətini yüksək qiymətləndirdi. Ramiz Rövşənin ssenariləri üzrə çəkilən ekran əsərlərinin Azərbaycan kinematoqrafiyasının qiymətli nümunələri olduğu diqqətə çatdırıldı.
Sonra Ə.Qarayev dövlət təltiflərini mədəniyyət xadimlərinə təqdim etdi, onlara möhkəm cansağlığı və yaradıcılıq uğurları arzuladı.
Təltif olunanlar Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinə göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdilər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin