Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2022 08:36
Ağlamaq insanın həm fiziki, həm də mənəvi durumu üçün faydalıdır. Adətən dərd, əzab çəkən insana "ağla, içini boşalt, rahatlaşacaqsan" deyirlər.
Əslində, bu, çox düzgün fikirdir, ağlayan insan öz stressini, gərginliyini göz yaşı ilə çıxararaq, depressiyadan uzaq olur. Bəzi insanlar ağlamağın zəiflik olduğunu düşünür, amma bu, çox yanlışdır.
Axar.az bildirir ki, psixoloq Gülnar Nağıyevanın sözlərinə görə, emosional, həssas və əsəbi insanlar daha çox ağlayırlar:
"Araşdırmalar nəticəsində müəyyən olunub ki, insan ağladığı zaman göz yaşları vasitəsi ilə orqanizmdə olan zərərli maddələr xaric olunur. Bu da stressi azaldır və insanı rahatlaşdırır. Bunun da sağlamlığa müsbət təsirləri var".
Türkiyəli psixoloq Ayça Soydemirin sözlərinə görə, gözyaşı əsəb və stress zamanı qatılaşan qanın durulmasına və gərginləşən ürək damarlarının açılmasına yaxşı təsir göstərir:
"Ağlayan insanlar digərləri ilə müqayisədə daha tez, daha rahat və daha çox yatırlar. Gərginlik, qorxu, kədər, stress kimi vəziyyətlərdə qan təzyiqi qalxan və ya düşən insanlar üçün ən yaxşı yol ağlamaqdır. Ağladıqdan sonra insanın təzyiqi normallaşır".
Tibb mütəxəssisləri ağlamağı fiziki və ruhi problemlərin ən optimal həlli yollarından sayır. Məsələn, yaxın adamını itirib bu kədərə ağlamayan insanı psixoterapevt ağlatmağa çalışarkən "Mən nəyə görə ağlamalıyam? Axı bu onu qaytarmayacaq" deyə cavab verən pasiyentə psixoterapevt belə cavab verir: "Bu sənə özünü qaytarmağa kömək edəcək".