Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Sentyabr 2019 09:08
Bakı. Trend:
Builki tədris ilində "ADA" Universitetinə 12 yeni ölkədən, o cümlədən Belarus, Butan, Qana, Litva, Mozambik, Nepal, Fələstin, Filippin, Səudiyyə Ərəbistanı, Seyşel Adaları, Slovakiya və Tacikistandan beynəlxalq tələbə qəbul olunub.
Ümumilikdə isə, universitetdə öz tələbələri ilə 45 müxtəlif ölkə təmsil olunub. Seyşel Adalarından qəbul olunan Laura Bonifas bildirir: “ADA"ya qəbul olmaq barədə xəbəri alanda hədsiz dərəcədə xoşbəxt oldum. Öz ölkəmi Azərbaycanda təmsil edən ilk tələbə olmağın qürurunu yaşayıram. Bilirəm ki, burada aldığım təhsil gələcəkdə mükəmməl karyera qurmaq üçün mənə kömək edəcək. Üstəlik Azərbaycanı və onların insanlarını öyrənmək dünya görüşümü daha da genişləndirəcək. İlk gündən buradakıların nə qədər mehriban olduğunun şahidi oluram".
Qeyd edək ki, "ADA" Universitində beynəlxalq tələbələrə bir neçə təqaüd proqramı təklif edilir. Bu sıradan Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən “Əlimərdan bəy Topçubaşov” adına təqaüdü bu il 17 nəfər qazanıb. Əlavə olaraq, 5 beynəlxalq tələbə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən İslam Əməkdaşlığı Təşkilatı və Qoşulmama Hərəkatı üzv dövlətlərinin tələbələri üçün təsis etdiyi təqaüd proqramından yararlanıblar.
“ADA“ Universitetinin icraçı prorekotru Fariz İsmayılzadənin sözlərinə görə, ali təhsil ocağının əlaqələri genişləndirərək tədris mühitini beynəlmiləşdirməsi vacib məqsədlərdən biridir: “Biz, tələbələrimizə sözün əsl mənasında qlobal təhsil almaq üçün şərait yaradırıq. Hazırda "ADA" Universiteti 38 ölkədə yerləşən 82 müxtəlif Universitetlə akademik tərəfdaşlıq edir. Bunun nəticəsi olaraq, bakalavr və magistr tələbələrimiz "ADA"da oxuduğu müddətdə bir semestri mübadilə təhsilində keçirə bilirlər. Çox zaman bu mübadilə onlar üçün yeni akademik baxış bucağı ilə yanaşı, yeni dil, yeni mədəniyyətə alışmaq qabiliyyətinə yiyələnmək deməkdir. Bu ilki beynəlxalq tələbə qəbulu prosesi yeni təqaüd imkanlarının yaradılması ilə yadda qaldı. Dövlət başçısı və XİN tərəfindən verilən təqaüdlərlə yanaşı, "ADA" Universitetinin rektoru Hafiz Paşayevin Özbəkistana səfəri nəticəsində biz, bu ölkənin gəncləri üçün biznes dairələrindən alınan ianələr hesabına ayrıca təqaüd təsis edə bildik. Nəticədə, Özbəkistandan 6 tələbə "ADA"da təqaüdlü təhsil almaq imkanı qazandı".
2019-2020ci tədris ilinin ilk semestrində “ADA“ Universitetinin 71 tələbəsi xaricə mübadilə proqramlarına yollanıblar. Eyni şəkildə, 32 tələbə "ADA"nın tərəfdaş Universitetlərindən Bakıya mübadiləyə gəliblər. Praqadakı İqtisad Universitetinin İnformasiya Sistemləri və Texnologiyaları tələbəsi Tomas Svarkın burada keçirəcəyi payız sessiyasına ümidləri böyükdür: “Avropa Ittifaqında çoxsaylı tələbələr Erasmus proqramından yararlanaraq digər universitetlərdə mübadilədə keçirirlər. Mən də, bunu sınaqdan keçirmək istədim və seçimimi Bakıya etdim. Buranın yeni mədəniyyəti və insanları maraqlı təcrübə olacaq. Hələ, haqqında çox eşitdiyim mülayim iqliminiz, dəniz və təbiətinizi demirəm. Özüm idman həvəskarıyam. Bura gələn kimi ilk getdiyim yerlərdən biri futbol matçı oldu. Anladım ki, burada keçirəcəyim vaxt çox əyləncəli olacaq”.
Bu həftə "ADA" tələbə icması ilə dərslərinə başlayan beynəlxalq tələbələr xüsusi tanıtım sessiyasına da qatılıblar. Təqdimat zamanı tələbələr paytaxtımızın tarixi turu, Universitetlə tanışlıq, yerli mədəniyyətin özəllikləri ilə bağlı mühazirələr dinləyib, Azərbaycanın milli rəqslərini öyrəniblər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin