Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Həyəcana ehtiyac yoxdur, hadisələri anbaan izləyirik” - Ukraynadakı səfirimizlə MÜSAHİBƏ

“Həyəcana ehtiyac yoxdur, hadisələri anbaan izləyirik” - Ukraynadakı səfirimizlə MÜSAHİBƏ

Tarix: 22 Fevral 2022 10:42

Son günlər dünyanın diqqəti Ukrayna və Rusiya arasında yaşanan gərginliyə yönəlib. Proseslərin təhlükəli həddə çatdığı məqamda bir çox ölkələr öz vətəndaşlarını Ukraynadan çıxarmağa başlayıb. Son məlumatlara görə, 40-a yaxın dövlət Ukraynanı təhlükəli ölkə hesab edərək, vətəndaşlarını dərhal oranı tərk etməyə çağırıb.

Ukrayna ətrafında yaşanan gərginliklər fonunda bu ölkədə yaşayan soyadaşlarımızın taleyi hər birimizi ciddi düşündürür və həm də narahat edir. Bu mənada Azərbaycan vətəndaşlarının Ukraynadan çıxarılıb-çıxarılmaması və digər məqamlar sual doğurmaya bilməz.

Vətəndaşlarımızı maraqlandıran sualların aktuallığını nəzərə alaraq, Xarici İşlər Nazirliyinin vasitəçiliyi ilə Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova ilə əlaqə saxladıq.

Sonxeber.net modern.az-a istinadən səfirlə müsahibəni təqdim edir:

- Hazırda dünyanın gündəmi Ukrayna-Rusiya arasında yaşayan gərginliyə yönəlib. Ukrayna xalqı müharibə haqqında nə düşünür, hazırda ölkədə vəziyyət necədir?

- Ukrayna-Rusiya arasında artan gərginliyə baxmayaraq, ölkədə vəziyyət stabildir. Fevralın 16-da Mariupolda Prezident Vladimir Zelenski Ukraynanın hərbçiləri və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə görüş keçirib. Prezident Vladimir Zelenski müraciət edərək əminliyini ifadə edib ki, hakimiyyət təhlükəsizlik vəziyyətinə nəzarət edir və Ukrayna ordusu müqavimət göstərmək üçün müasir silahlara və mənəvi-psixoloji gücə malikdir, bütün ölkədə milli müqavimət qüvvələri də hərbi hazırlıqlarda iştirak edir.

Bununla da o, təxribatlara boyun əyməməyə çağırışlar edib. Həmçinin, ötən həftə prezident Zelenski NATO-ya üzv dövlətlərə müraciət edib, baxmayaraq ki, bu təşkilata qəbul olunmaq üçün vaxt-zaman tələb olunur, lakin təşkilatın başqa üzvləri kimi ölkəsinin təhlükəsizliyinə təminat verilməsini xahiş edib. 18 fevral tarixində Ukrayna Xarici İşlər Nazirliyinin Donbasda təhlükəsizlik vəziyyətinin gərginləşdirilməsi ilə bağlı yaydığı bəyanatda qeyd olunur ki, xəttin hər iki tərəfində Ukrayna vətəndaşları yaşayır. Onların sülh, təhlükəsizlik və rifah içində yaşaması Ukrayna dövləti üçün mütləq prioritetdir. 19 fevral tarixində Ukrayna Prezidentinin 58-ci Münhen təhlükəsizlik konfransındakı çıxışı zamanı vurğulandı ki, Ukrayna sülh istəyir.

- 40 yaxın ölkə vətəndaşlarının və diplomatlarının Ukraynadan çıxarılması ilə bağlı təlimat verilib. Sizcə, bizim diplomatik heyətin və vətəndaşlarımızın Ukraynadan çıxarılmasına ehtiyac varmı?

- Diplomatik heyətimizin Ukraynadan çıxarılması ilə bağlı Mərkəzdən hələ heç bir təlimat gəlməyib. Biz tam heyətlə iş başındayıq. Cərəyan edən hadisələr tərəfimizdən anbaan izlənilir və Mərkəzə məlumatlar ötürülür. Ukraynadakı 120-dən çox diplomatik nümayəndəlikdən az sayda ölkənin diplomatları buranı tərk edib və ya müvəqqəti olaraq ölkənin qərb hissəsinə köçürüldüyü bəlli olub, böyük hissə, həmçinin Rusiya səfirliyi adi qaydada öz işini davam edir və hələ ki hər hansı həyəcana ehtiyac duyulmur. Bizə müraciət edən vətəndaşlarımıza deyirik ki, hava və digər nəqliyyat üçün yollar açıqdır, narahatlıq hissi keçirirlərsə, könüllü olaraq adi qaydada ölkədən çıxa bilərlər. Biz həmçinin, Türkiyə səfirliyindən aldığımız məlumata əsasən, qeyd etmək istərdik, insanların narahatlığı nəzərə alınaraq "Türk Hava Yolları" şirkəti Xarkov şəhərindən İstanbula əlavə iki aviareysin açılmasına qərar verib.

- Bu yaxınlarda Ukrayna Azərbaycanlıları Radasının (UAR) növbəti - II Hesabat-Seçki Qurultayı keçirildi. Bir çox ölkələrin vətəndaşlarının Ukraynadan çıxarıldığı vaxtda azərbaycanlıların bu birliyi Kiyevdə necə qiymətləndirilir?

- Bu il Azərbaycan-Ukrayna strateji tərəfdaşlığında yeni səhifə açıldı. Yanvarın 14-də Prezident İlham Əliyevin bu ölkəyə səfəri, Ukrayna Prezidenti Vladimir Zelenski ilə keçirdiyi görüşlər, dövlət başçılarının mətbuata bəyanatları, iki ölkə arasında imzalanan yeni sənədlər strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi, əlaqələrin şaxələnməsi üçün real zəmin yaratdı.

Bunun davamı olaraq, fevral ayının əvvəlindən mühüm hadisələr baş verdi. Belə ki, Ukraynanın İrpen şəhərindəki 12 saylı orta məktəbin Prezident İlham Əliyev tərəfindən təltif edilən müəllim heyətinə orden və medallar təqdim olundu, Ukraynanın ən nüfuzlu təhsil ocağı olan Taras Şevçenko adına Kiyev Milli Universitetində Azərbaycan-Ukrayna diplomatik münasibətlərinin bərpasının 30 illiyi münasibətilə 1918-ci ildə bu ölkədə ilk səfirimiz olmuş, tanınmış yazıçı Yusif Vəzir Çəmənzəminlinin adına böyük auditoriyanın və barelyefinin açılışı oldu, Dneprdə və daha sonra paytaxt Kiyevdə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Düsen Kaseinovun iştirakı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə ilk dəfə olaraq səfirlik tərəfindən Ukrayna dilinə tərcümə olunmuş "Xəmsə" poemalar toplusundan ibarət kitabın və TÜRKSOY-un hazırladığı bədii albomun təqdimat mərasimləri keçirildi, TÜRKSOY və Dnepropetrovsk Vilayəti Azərbaycanlıları Konqresinin təşəbbüsü və təşkilatçılığı ilə təşkil olunan konsertdə Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlovun dirijorluğu ilə Dneprropetrovsk Akademik Simfonik Orkestrinin ifasında Fikrət Əmirovun əsərləri səsləndirildi, həmçinin qeyd etdiyiniz kimi, fevralın 12-də paytaxt Kiyevdə Ukrayna Azərbaycanlıları Radasının növbəti - II Hesabat-seçki Qurultayı keçirildi.

Dnepr şəhərinin meri Boris Filatov mənə və TÜRKSOY-un baş katibi Düsen Kaseinova təşəkkürünü bildirərkən vurğulayıb ki, Azərbaycan Ukraynanın çətin dönəmində əsl dost olduğunu bir daha sübut etdi. Bəzi Qərb ölkələri diplomatlarını geri çağırdığı halda, Azərbaycan diplomatları ölkənin şərq hissəsinə gələrək çox böyük mədəni tədbirlər keçirirlər. Mer bildirib ki, Ukraynanın çətin dönəmində türk dostlarımızın Dneprə gələrək, böyük mədəni tədbirlər keçirməsi təqdirəlayiq hadisədir.

- Hazırda Ukraynada nə qədər vətəndaşımız yaşayır və son vaxtlar hansı məsələlərlə bağlı azərbaycanlılar səfirliyə müraciət ünvanlayırlar?

- Ukraynada yaşayan vətəndaşlarımızın sayı tam bəlli deyil, lakin Dnepr şəhər meriyasında görüş zamanı yalnız Dnepr şəhərinin özündə 30 min, Dnepropetrovsk vilayəti üzrə isə 70 minə yaxın soydaşımızın yaşadığı deyildi. Bununla bəlli olur ki, Ukraynada yüz minlərlə azərbaycanlı yaşayır.

Səfirliyə gündəlik əsasda təxminən 40-50 nəfər vətəndaş müraciət edir. Ötən ay ərzində 500-550 (bu ay ərzində 300) vətəndaş müaraciəti qeydə alınıb. Vətəndaşlar əsasən yeni pasport almaq, pasportlarının müddəti bitdiyi və ya itirdikləri üçün onlara Azərbaycana qayıdış şəhadətnaməsinin verilməsi və müxtəlif məzmunlu arayışların (məhkumluq, qeydiyyat barədə arayış) alınması üçün səfirliyə müraciət edirlər.

Bundan başqa, hüquq və mənafelərin müdafiəsi məqsədilə müraciət edən vətəndaşlar olub ki, həmin vərəndaşlara səfirliyin səlahiyyətləri daxilində lazımi hüquqi yardım göstərilib.

- Bəs Azərbaycan diasporu və səfirlik ölkəmizin təbliğatı ilə bağlı hansı işləri görür? Bir neçə gün sonra Xocalı faciəsinin ildönümüdür, bununla əlaqədar Ukraynada anım tədbirləri keçiriləcəkmi?

- Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar diqqətinizə çatdırmaq istərdim ki, yaxın günlərdə səfirliyin təşəbbüsü və təşkilatçılığı ilə Ukraynanın Regionlararası Heyəti İdarəetmə Akademiyasında diaspor fəallarımızın və yerli ictimaiyyət nümayəndələrinin iştirakı ilə konfransın, daha sonra Akademiyanın kino-konsert zalında rejissor və ssenari müəllifi Vahid Mustafayevin "Xoca" filminin nümayişi planlaşdırılıb. Həmçinin, Ukraynada SOCAR nümayəndəliyi, vilayətlərdə diaspor təşkilatlarımızın dəstəyi ilə bilbordlar vasitəsilə şüarların səsləndirilməsi və digər aksiyaların  keçirilməsi nəzərdə tutulub.

Həmçinin qeyd etmək istərdim ki, ötən il səfirliyin təşəbbüsü ilə Ukrayna dilində "Xocalı. Soyqırımın xronikası" adlı unikal kitab nəşr edilib və kitabın beynəlxalq konfrans və dəyirmi masalarda təqdimat mərasimləri keçirilib, eləcə də Ukraynanın təhsil ocaqları, kitabxanaları və elm mərkəzlərinə təqdim olunub. Xalq şairi Sabir Rüstəmxanlı və mənim tərəfdən hazırlanmış bu kitabda o dövrün sənədləri və faktları, xarici və Azərbaycan mətbuatında çıxmış məqalə və müraciətlər yer alıb.

- Qarabağ müharibəsində iştirak etmiş veteranlar, həlak olmuş şəxslər arasında Ukraynada yaşayanlar da olub. Həmin vətəndaşlarımızın ailələri ilə əlaqə saxlayırsınızmı, onlarla bağlı sizdə məlumatlar varmı?

- Səfirlik Ukraynada yaşayan Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələləri və müharibə iştirakçıları ilə müntəzəm olaraq görüşlər keçirir. Məlumat üçün bildirim ki, dövlətimiz tərəfindən Milli Qəhrəmanlar Rəfail Əsədov, Ruslan Polovinka və Viktor Seryogin, Füzuli Rayon Polis Şöbəsinin sabiq əməkdaşı, şəhid Muxtar Hədisov, 1991-ci ildə Qubadlının Yuxarı Cibikli kəndində həlak olmuş Sovet İttifaqı Qəhrəmanı Oleq Babakın ailələrinə və Qarabağ müharibəsində iştirak etmiş ukraynalı hərbçi, ehtiyatda olan polkovnik-leytenant Aleksey Şvaryova dəstək göstərilir. Müharibədə iştirak edən və yaxud həlak olan Ukrayna vətəndaşları olan azərbaycanlılar və onların ailələri barədə səfirliyə hər hansı rəsmi müraciət daxil olmayıb.

- Elmira xanım, diplomatik fəaliyyətinizlə yanaşı, yaradıcıllıqla da məşğul olursunuzmu?

- Son iki ildə təəsüf ki, yaradıcılıqla məşğul olmağa vaxtım yoxdur. Lakin ölkəmizlə bağlı məqalələrim və müsahibələrim müntəzəm olaraq Azərbaycan və Ukrayna mətbuatında dərc olunur.


Etiketlər:  Həyəcana ehtiyac yoxdur hadisələri anbaan izləyirik Ukraynadakı səfirimizlə MÜSAHİBƏ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ