Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2022 22:27
Son aylarda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma halında müşahidə edilən artımın əsas səbəbi əksər vətəndaşların daha əvvəllər guya profilaktik məqsədlə müxtəlif antiviral preparatlar, geniş təsir spektrli antibiotik kimi lazımsız dərmanlar qəbul etməsi idi. COVID-19-a yoluxma reseptor mexanizmlərlə baş verir. Belə olan halda, yoluxma anında və onun ilk günlərində - hələ anticisimlər əmələ gələnə qədər, immun sistemi virusu tanımır. Ona görə də sağlam şəxslərin immunomodulyator və ya antiviral preparatlar qəbul etməsi öz-özünə qəsd deməkdir. Nəzərə almaq lazımdır ki, immunomodulyatorlar və antivirallar COVID-19-a yoluxma halında immun sistemini məhv edə bilər. Bütün bunları nəzərə alaraq vətəndaşları lazımsız antiviral və antibiotik istifadəsindən yayınmağa çağırırıq.
Sonxeber.net xəbər verir ki, bu fikirləri tibb elmləri doktoru, professor Musa Qəniyev deyib.
Professor bildirib ki, yoluxmanın artma səbəblərindən biri də uzunmüddətli sərt karantin tədbirləri nəticəsində virus və canlı orqanizm arasında birgə yaşayış prinsipinin pozulmasıdır: "Nəzərə almaq lazımdır ki, virus canlı varlıq kimi qəbul olunmur, çünki canlılığın məlum 3 şərti var: genom quruluşuna sahib olmaq (virusun genom quruluşu var), ətraf mühitlə mübadilə (virus ətraf mühitlə mübadiləyə girə bilmir), artıb-çoxalma, yəni nəsilartırma (virus nəsilartırma qabiliyyətindən məhrumdur). Viruslar isə yalnız canlı hüceyrənin genom quruluşundan müştərək istifadə hesabına arta bilir. Yəni, virusa xas selektiv-instinqtiv hal yalnız canlı hüceyrəyə daxil olmaqdır. Buna mane olduqda virus ştamlarında kəskin aqressivləşmə müşahidə olunur. Ona görə də sərt karantin tədbirlərindən sonra viral infeksiyaların kəskin artımı qeydə alınıb. Məhz buna görə, xəstələrin təcrid müddəti məlum viral infeksiyanın inkubasiya dövründən artıq olmamalıdır.
İstənilən halda, yoluxmada müşahidə olunan artım mütləq qanunauyğunluqdur. Bundan qorxmaq lazım deyil. Sadəcə olaraq, şəxsi gigiyenik qaydalara daima əməl etmək və vaksinasiya olunmaq kifayətdir".