Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müharibə cəhənnəmindən çıxarılan azərbaycanlılar: təxliyə davam edir

Müharibə cəhənnəmindən çıxarılan azərbaycanlılar: təxliyə davam edir

Tarix: 7 Mart 2022 19:50

Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlar, daha doğrusu, müharibə nəticəsində 1,2 milyondan artıq insan evini-eşiyini, yaşam arealını təcili tərk etmək məcburiyyətində qalıb.

BMT-nin son hesabatlarına görə, sadəcə, Ukraynanı tərk edən şəxslərin sayı bu qədərdir.

Müharibənin alovunun qarsaladığı, raket-bomba zərbələrinin endirdildiyi şəhərləri, qəsəbələri, kəndləri tərk edərək Ukrayna daxilində başqa məkanlara üz tutanların dəqiq sayı isə bilinmir.

Bilinə də bilməz, çünki müharibənin amansız hesabı ilə statistika uyuşmur, savaşla təmkinli hesab uyğunlaşmır. Vəziyyət o yerdədir ki, bir şəhəri tərk edib başqasına qaçan, ölümdən qurtulmaq istəyən ailə yeni gəldiyi məkandan da uzağı iki gün sonra uzaqlaşmalı olur.

Raketlər, bombalar, mərmilər, güllələr - fikirdən sürətli, işığı qapadan zülmətdən də qorxunc təhlükənin olduğu dönəmdə Ukraynadakı azərbaycanlılar da təbii, həyatlarını qorumağa, təhdidlərdən qurtulmağa çalışırlar.

Fevralın 24-nə, Rusiyanın Ukraynada müharibəyə başlamasına qədər həmin ölkədə təqribən 500 min azərbaycanlı yaşayırdı.  Daha çoxsaylı diasporumuz Xarkov, Dnepropetrovsk, Donetsk, Luqansk, Odessa, Nikolayev, Kirovoqrad, Çerkassk, Kiyev şəhəri və vilayətindədir. Ukraynanın qərb vilayətlərində diasporumuz çoxsaylı deyil. Ümumilikdə isə diasporumuzun nümayəndələri Ukraynanın bütün vilayətlərində mövcuddur.

Hərbi əməliyyatlar başlayandan sonra Rusiya silahlı qüvvələrin raket-bomba zərbələrin tuş etdiyi yaşayış məntəqələrini tərk edən soydaşlarımızın və vətəndaşlarımızın təlxiyəsi təşkil olunub.

Müharibə başlayandan iki gün sonra, fevralın 26-da bir qrup azərbaycanlı bu ölkəni tərk edərək, Moldova ərazisinə keçə bilib. Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov həmin günlərdə deyirdi: "80-100 nəfərlik qrup yığılır. Səfirliklə birlikdə avtomobillər təşkil edərək onları Kişinyova gətirib, yerləşdiririk. Hazırda Moldovadakı səfirliyimiz viza problemləri ilə məşğuldur. Rumıniyadan İstanbula uçuş var. Azərbaycan vətəndaşlarının uçması üçün viza lazımdır. İşlərə davam edirik".

Daha sonra azərbaycanlılar Ukraynadan Macarıstana keçməyə başladılar.

Onlar Budapeştdə fəaliyyət göstərən Azərbaycan Evində, bu şəhərdə yaşayan həmvətənlərimizin evlərində, eləcə də mehmanxanalarda yerləşdirilib. Diaspor təşkilatlarının nümayəndələri onlarla mütəmadi əlaqə saxlayaraq, ehtiyacları ilə maraqlanırlar.

Sərhəd-keçid məntəqələrində Azərbaycan vətəndaşları üçün rüsumsuz 15 günlük viza rəsmiləşdirilib.

Ukraynadan Polşa və Macarıstana keçə bilən azərbaycanlılar vətənə təxliyə olunana qədər bu ölkələrdə fəaliyyət göstərən Azərbaycan evlərində qala bilərlər.

Martın 2-si. Moldovadan daha 700-ə yaxın azərbaycanlı təxliyə edilib.

Ümumiyyətldə isə Moldovada Ukraynadan təxliyə olunan azərbaycanlıların sayı 6 min nəfərdən artıqdır.

Martın 2-də habelə, yüz nəfərdən çox Azərbaycan vətəndaşı Odessadan Moldova sərhədinə yola salınıb.

Martın 5-i. Rumıniya ərazisindən həyata keçirilən növbəti AZAL-ın çarter reysi ilə, aralarında 7 körpə olmaqla, 184 sərnişin ölkəyə gəlib.

Ukraynada hava məkanı bağlı olduğundan vətəndaşların yalnız quru yoldan istifadə edərək Polşa, Moldova, Slovakiya ilə sərhədə gəlmək imkanları var idi.

Ukraynadakı azərbaycanlıların bir qismi Macarıstana, Polşaya və ya Moldovaya keçəndən sonra oradan Türkiyəyə yollanırlar. Bu səbəbdən həmin şəxslərin İstanbuldan Bakıya təxliyəsi də gerçəkləşdirilir.

Azərbaycan hökumətinin tapşırığı ilə Diasporla İş üzrə Dövlət Komitəsi soydaşlarımızın Ukraynadan təxliyə edilməsi üçün müvafiq dövlət orqanları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir.

Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədəki Azərbaycan vətəndaşlarının qonşu ölkələrin ərazisindən keçməklə Azərbaycana təxliyəsi davam edir.

Bu günədək Azərbaycana 3138 nəfər təxliyə olunub. Onların sırasında çarter reysləri vasitəsilə 1908 nəfər, quru yolu ilə təxliyə olunanlarsa 1263 nəfərdir.

Vətəndaşlarımızın təxliyəsi üçün Azərbaycan hökuməti tərəfindən əksəriyyəti Rumıniyanın Yassi şəhərindən olmaqla, Rumıniya və Polşa ərazisindən indiyədək 10 çarter reysi təşkil olunub. Bu reyslərlə əsasən qadınlar, uşaqlar, yaşlılar, xəstələr və digər həssas qrupa daxil olan vətəndaşlarımızın təxliyəsinə üstünlük verilib.

Vətəndaşlarımızın həm çarter reysləri, həm də qonşu ölkələrin ərazisindən keçməklə avtobuslarla təxliyəsi davam edəcək.

Hər zaman olduğu kimi dövlətimiz bu dəfə də vətəndaşlarımızın, soydaşlarımızın yanındadır.

COVİD-19 koronavirus pandemiyasının tüğyan etdiyi ən ağır dövrlərdə Azərbaycanda dövlət bütün mümkün vasitələrdən, imkanlardan və variantlardan istifadə edərək vətəndaşlarına sahib çıxdısa, indi koronavirusdan da təhlükəli müharibə vəziyyətində insanlarımızı mümkün qədər tez, təhlükəsiz və rahat şəkildə vətənə qaytarmağa çalışır.

Təbii, narazılıqlar da var.

Səbəb trivialdır: bəşər tarixində, hər zaman və hər yerdə olan qaydalar indi də qüvvədədir. Təhlükədən qurtuluş, təlxiyə zaman ilk növbədə uşaqlara, qadınlara, xəstələrə və yaşlılara yer ayrılır. Öndə onlardır, onlar irəlidə olmalıdır.

Lakin uşaqları və qadınları geridə qoyaraq irəli düşməyə, təlxiyə üçün nəzərdə tutulmuş qatarda, gəmidə və ya təyyarədə yer tutmağa çalışan, amma istəyi alınmayan adamlar indi sosial şəbəkələrdə "haray" çəkirlər, narazılıq edirlər.

Əliuşaqlı ananın, sağlıq durumu ağır olanın, yaşlının yerini tutub bunu "ədalət" və ya "qoçaqlıq" hesab etmək nə dərəcədə dürüstdür - bunu sosial şəbəkədə "mənə yer tapılmadı" yazanların öhdəsinə buraxırıq.

Halbuki Ukraynada vətəndaşları qalan, oradakı müharibədən qurtulmağa çalışan soydaşlarına Azərbaycan təki yanaşmayan, qayğı göstərməyən yetərincə dövlət var.

Kiyevdə, Odessada, Nikolayevdə, Xersonda indi müxtəlif ölkələrin minlərlə, on minlərlə vətəndaşı təlxiyə olunacağı günü gözləyirlər.

Onlar da arxalarında təyyarə göndərilməsini, müharibənin od-alovunda qurtulmaqda dövlətin qayğısını, diqqətini və gücünü görmək istəyirlər.

Fəqət, görmürlər.

Azərbaycanlılardan fərqli olaraq...


Etiketlər:  Müharibə cəhənnəmindən çıxarılan azərbaycanlılar təxliyə davam edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ