Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2022 23:20
Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Moskvaya qarşı artan sanksiyalarla yanaşı, Avropada yerləşən 150 rus diplomatı Vyana Konvensiyasını pozduqları üçün müxtəlif ölkələrdən qovulub. Ölkələrin əksəriyyəti deportasiyalarına səbəb kimi təhlükəsizlik və ya casusluq ittihamlarını irəli sürsə də, bəzi ölkələr Ukrayna ilə həmrəylik nümayiş etdirmək üçün rus diplomatlarını "persona non-qrata" elan ediblər.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, Polşa 45 rus diplomatını ölkədən çıxarıb.
Ukraynadan qaçqınların ən çox üz tutduğu Polşa diplomat statusu daşıyan 45 rusiyalını casusluq səbəbi ilə deportasiya edərək, bu prosesdə ən çox diplomatı ölkədən çıxaran ölkə oldu.
Ukrayna ilə həmsərhəd olan digər qonşu ölkə Slovakiya 38 rus diplomatını Vyana Konvensiyasına əməl etmədiklərini əsas gətirərək ölkədən çıxarıb.
Slovakiya Baş naziri Eduard Heqer, mövzu ilə əlaqədar verdiyi açıqlamada, bu diplomatların təhlükəsizlik baxımından yüksək risk daşıdığını bildirib.
Təxminən 5,5 milyon əhalisi olan Slovakiya kimi kiçik bir ölkədə bu qədər rus diplomatının deportasiyası diqqətəlayiq idi.
Belçika hökuməti bu ölkədə yerləşən rus diplomatlardan 21-ni casusluq etdiklərini əsas gətirərək ölkədən çıxarmaq qərarına gəlib.
Xarici işlər naziri Sofi Vilmes Rusiyanın Brüsseldəki səfirliyi və Antverpendəki konsulluğunda rusiyalı diplomatların işlədiyini və bu şəxslərin ölkənin milli təhlükəsizliyini təhdid edən casusluq və təsir əməliyyatları ilə məşğul olduqlarını bildirib.
Niderlandın xarici işlər naziri Vopke Hoekstra sosial media hesabından 17 rus diplomatı casusluq etdikləri üçün ölkədən çıxardıqlarını açıqlayıb.
Çexiyada Rusiyanın Praqadakı səfirliyinin diplomatı qovularkən, bu şəxsin Praqa səfirinin müavini Feodosij Vladisevszki olduğu iddia edilib.
Litva Xarici İşlər Nazirliyindən verilən açıqlamada qeyd olunub ki, Rusiya səfiri Aleksey İsakov nazirliyə çağırılıb və ona Rusiya səfirliyinin 4 əməkdaşının "persona non qrata" elan edilməsinə dair diplomatik nota verilib.
Bəyanatda rusiyalı diplomatların son fəaliyyətinin "diplomatik statusları ilə uyğun gəlmədiyi" və ölkəni tərk etmələri istənilib. Bu qərarın Rusiyanın fevralın 24-də Ukraynaya qarşı başladığı müharibədə Kiyevlə həmrəylik əlaməti olduğu vurğulanıb.
Bu arada Estoniya 3 rus diplomatını ölkədən çıxarıb, Latviya isə 3 rus diplomatını "persona non qrata" elan edib.
Rusiya ilə ümumən yaxşı münasibətləri olan Bolqarıstan 12 rus diplomatını ölkədən çıxarıb.
Şimali Makedoniyada 5 rus diplomat Vyana Konvensiyasına əməl etmədiyi səbəbilə ölkədən çıxarılıb.
Monteneqronun Xarici İşlər Nazirliyi Rusiyanın Monteneqrodakı səfirliyində çalışan rus diplomatın "persona non-qrata" elan edildiyini açıqlayıb.
ABŞ isə 13 rus diplomatını BMT-dən (BMT) qovub.