Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fərrux yüksəkliyi uğrunda döyüşlərdə itkin düşənlərdən biri İlham Dadaşovdur - VİDEO

Fərrux yüksəkliyi uğrunda döyüşlərdə itkin düşənlərdən biri İlham Dadaşovdur - VİDEO

Tarix: 1 Aprel 2022 14:38

Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi uğrunda döyüşlərdə 62 nəfər Azərbaycan hərbçisi itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.

30 il əvvəl Fərrux yüksəkliyi uğrunda gedən döyüşlərdə itkin düşmüş hərbçilərdən biri də Neftçala sakini İlham Dadaşovdur.

1973-cü il təvəllüdlü Dadaşov İlham Adil oğlu Neftçala rayonunun Kürkənd kəndində doğulub.

İbtidai təhsilini kənd məktəbində, orta təhsilini isə Bakı şəhərindəki Pişəvəri adına ərəb-fars məktəbində alıb. İtkin düşmüş hərbçinin qardaşı Vüqar Dadaşov deyir ki, İlham Sank-Peterburq şəhərində hərbi xidmətdə olub. Hərbi hissə ləğv olunduğundan o, altı aydan sonra doğma ocağına qayıdıb. Əlinə silah alaraq Birinci Qarabağ savaşına qatılıb.

İlham Dadaşov bir neçə yaşayış məntəqəsi uğrunda döyüşlərdə iştirak edib. Son döyüşü isə Fərrux yüksəkliyi uğrunda olub. Ailəsi o vaxtdan bu günə kimi İlham Dadaşovu çox axtarsa da, nəticəsi olmayıb. Bundan sonra təsəlli tapmaq üçün iki il əvvəl şəhər qəbiristanlığında şəhid statusu almış qardaşı İlham Dadaşovun məzarını düzəltdiriblər. Bu günlərdə Fərrux yüksəkliyində insan sümüklərinin tapılması Dadaşovlar ailəsində də övladlarının tapılacağı inamı yaradıb. Bununla bağlı ailə üzvlərindən də analiz götürülüb.

Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində aşkar edilmiş naməlum meyit qalıqları barədə açıqlama yayıb. Bildirilib ki, adı çəkilən yüksəklik uğrunda Birinci Qarabağ müharibəsi zamanı ağır döyüşlərin getdiyini və həmin ərazinin Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildiyini nəzərə alaraq, tapılan meyit qalıqlarının şəhid olmuş Azərbaycan hərbçilərinə aid olduğu ehtimal edilir. Açıqlamada həmçinin Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi uğrunda döyüşlərdə 62 nəfər Azərbaycan hərbçisinin itkin düşmüş şəxs kimi qeydiyyata alındığı qeyd olunub. Komitə həmin şəxslərin siyahısını da açıqlayıb. Eyni zamanda, Komissiyada toplanmış məlumatlara əsasən, Fərrux yüksəkliyinin yaxınlığında yerləşən Xocalı rayonu, Pirlər kəndində 46 nəfər, Ağdam rayonu, Əliağalı kəndində 11 nəfər Azərbaycan hərbçisi itkin düşüb. Fərrux yüksəkliyində və ətrafında kütləvi məzar yerlərinin olması ehtimalı nəzərə alınaraq, mütəxəssislərdən ibarət heyət tərəfindən ərazidə axtarış və müvafiq ekshumasiya tədbirlərinin aparılması planlaşdırılır.

Milli.Az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Fərrux yüksəkliyi uğrunda döyüşlərdə itkin düşənlərdən biri İlham Dadaşovdur VİDEO


RƏYLƏR