Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda tullantıların həcmi artıb

Azərbaycanda tullantıların həcmi artıb

Tarix: 21 Aprel 2022 21:10

2021-ci ildə Azərbaycanda 3 milyon 778,2 min ton və ya əvvəlki illə müqayisədə 9,4 faiz çox tullantı əmələ gəlib və onların 68,3 faizini bərk məişət tullantıları, 31,7 faizini isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Ötən il yaranmış 2581,2 min ton bərk məişət tullantılarının 78,3 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınmış, 21,3 faizi enerji əldə edilməsi məqsədilə istifadə olunub, 0,4 faizi isə ölkə daxilində satılmışdır. Məişət tullantılarından istifadə hesabına 193,2 milyon kVt saat və ya 2020-ci illə müqayisədə 3,7 faiz az elektrik enerjisi istehsal edilib.

Sənayedə və iqtisadiyyatın digər sahələrində əvvəlki illərdə yaranan qalıqlar daxil olmaqla, ötən il istehsalat tullantılarının 12,3 faizi müəssisələrdə xammal kimi istifadə edilib, 34,2 faizi ölkə daxilində satılıb, 1,8 faizi ixrac olunmuş, 6,9 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 44,8 faizi isə müəssisələrdə qalıb.

Müəssisələrin istehsal fəaliyyəti nəticəsində 2021-ci ildə 245,2 min ton təhlükəli tullantı yaranıb və tullantıların ümumi miqdarında onların payı 6,5 faiz olub. Tullantıların 57,4 faizi mədənçıxarma sənayesi müəssisələrində yaranmışdır ki, onların da böyük hissəsi Bakı şəhərində yerləşən müəssisələrin payına düşür. Əvvəlki illərdə yaranan qalıqlar da daxil olmaqla, ötən il 102,5 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilib.


Etiketlər:  Azərbaycanda tullantıların həcmi artıb


RƏYLƏR