Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2022 08:18
"Bizim Avropa İttifaqı ilə çox geniş gündəliyimiz mövcuddur".
Bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfransda bildirib.
Dövlət başçısı bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsi heç vaxt onun bir hissəsi olmayıb:
"Çünki bu məsələ ilə Minsk qrupu məşğul olurdu və Avropa İttifaqı bu məsələdən bir az uzaq idi. Lakin indi ticarət, enerji, nəqliyyat, humanitar və demokratik inkişaf məsələləri ilə birlikdə bu məsələ də gündəliyimizdədir.
Biz Avropa İttifaqını ədalətli vasitəçi kimi hesab edirik və onun səylərini alqışlayırıq. Hesab edirəm və düşünürəm ki, indi Minsk qrupunun həmsədrliyi disfunksional olduğu üçün Avropa İttifaqı normallaşma prosesində çox fəal rol oynaya bilər və oynayır da. Biz bunu dəstəkləyirik və faydalarını görürük.
Yeri gəlmişkən, mənim ermənistanlı həmkarımla son təmaslarım da Brüsseldə olmuşdur. Beləliklə, Brüssel indi mənim səfərlərimin əsas təyinat məntəqəsinə çevrilib. Bir məsələni də əlavə etmək istəyirəm. Biz indi Avropa İttifaqı ilə yeni sazişimiz üzərində bəzi məsələlərin razılaşdırılmasının son mərhələsindəyik.
Bu razılaşmanın 90 faizdən çox hissəsi bizim və Avropa İttifaqının dəyərləndirilməsinə görə hazırdır. Müharibə gedirdi, COVID problemi var idi və buna görə bu məsələ bir az gözləməli oldu.
Lakin hesab edirəm ki, bu məsələni kifayət qədər tezliklə yekunlaşdıra bilərik. Bizim aramızda razılaşma var idi, lakin o uzun illər bundan öncə imzalanmışdır. Yeni razılaşma çox hərtərəflidir. İkinci Qarabağ müharibəsindən sonra reallıqları əks etdirir və əlbəttə ki, dünyada cərəyan edən yeni vəziyyətə də toxunulacaq".