Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2019 23:18
Bakı. Trend:
İnvestisiya qoymaq istəyən hansısa şirkətin qarşısında süni əngəllərin yaradılması tamamilə qəbuledilməzdir, buna yol vermək olmaz.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib.
Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan bu gün xarici sərmayələrin qoyuluşu üçün öz imkanlarını təqdim edir və bu, hər bir ölkə üçün çox önəmli məsələdir:
"Şadam ki, qeyri-neft sektoruna investorlar tərəfindən böyük maraq var. Burada əsas məsələ bürokratik əngəlləri aradan götürməkdir. Biz potensial investoru cəlb etməliyik, investoru axtarmalıyıq, ona sübut etməliyik ki, Azərbaycana sərmayə qoysun. Ancaq bəzi hallarda hansısa yerli və ya xarici şirkət investisiya qoymaq istəyəndə onun qarşısında süni, bürokratik və digər əngəllər yaradılır. Bu, tamamilə qəbuledilməzdir, buna yol vermək olmaz. İnvestisiyaların cəlb edilməsi hər bir ölkənin iqtisadi inkişafı üçün əsas şərtlərdən biridir".
İlham Əliyev bildirib ki, Azərbaycanda dövlət investisiyaları qoyulur və qoyulmalıdır: "Ancaq biz çalışmalıyıq ki, özəl sektor daha da böyük həvəslə investisiyalar qoysun. Biz buna nail oluruq və nail olacağıq. Dövlət hər zaman bu sahədə öz dəstəyini göstərəcək".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin