Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dövlət Komissiyası: Dilqəm Əsgərov və Şahbaz Quliyevin erməni hərbçilərlə qarşılıqlı mübadilələrinə hazırıq

Dövlət Komissiyası: Dilqəm Əsgərov və Şahbaz Quliyevin erməni hərbçilərlə qarşılıqlı mübadilələrinə hazırıq

Tarix: 18 Sentyabr 2019 18:00

Bakı. Trend:

Azərbaycan Respublikası tərəflərdə saxlanılan əsir-girovların “hamının-hamıya” prinsipi əsasında azad olunması və gələcəkdə əsir-girov götürülən şəxslərin, eyni zamanda meyitlərin 3 gündən gec olmayaraq qaytarılmasını aidiyyəti beynəlxalq təşkilatların vasitəçiliyi ilə 2016-cı ilin aprel ayında Ermənistan Respublikasına təklif etmişdir.

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında deyilir.

Lakin kütləvi informasiya vasitələrində son günlər yayılmış məlumatlarda bildirilir ki, Ermənistan tərəfi işğal altındakı Kəlbəcər rayonunda 2014-cü ildə girov götürülərək qeyri-qanuni həbs cəzasına məhkum edilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistan Respublikasının vətəndaşları olan erməni hərbçiləri - Azərbaycan Respublikası ərazisində terror-təxribat əməllərinə görə həbs edilmiş Karen Kazaryan və cəbhənin Füzuli istiqamətində könüllü surətdə Azərbaycan Ordusuna təslim olmuş Araik Kazaryanla qarşılıqlı mübadilələrinə Azərbaycan tərəfinin hazır olmadığı barədə açıqlamalar vermişdir.

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bir daha bildirir ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərlərinin, eləcə də xarici işlər nazirlərinin görüşlərində, habelə Dövlət Komissiyasının aidiyyəti beynəlxalq təşkilatlarla 2017-ci və 2018-ci illərdə apardığı müzakirələr zamanı əsir-girovların “hamının-hamıya” formatında azad olunması ilə bağlı Azərbaycan Respublikasının prinsipial mövqeyi dəfələrlə qarşı tərəfə çatdırılmışdır.

Dilqəm Əsgərov və Şahbaz Quliyevin Karen Kazaryan və Araik Kazaryan ilə mübadilə edilməsinə Azərbaycan tərəfinin hazır olması barədə Dövlət Komissiyası növbəti dəfə aidiyyəti beynəlxalq təşkilatlara 11 sentyabr 2019-cu il tarixdə rəsmi məlumat vermişdir.

Dövlət Komissiyası ölkəmizin beynəlxalq humanitar hüququn norma və prinsiplərinə daim əməl etdiyini yenidən diqqətə çatdırır, 7 sentyabr 2019-cu il tarixdə Rusiya Federasiyası və Ukrayna arasında əsirlərin “hamının-hamıya” mübadiləsini yüksək insanpərvərlik aktı kimi təqdir edir və bu humanizm nümunəsinə uyğun olaraq Azərbaycan və Ermənistan arasında əsir-girovların eyni prinsip əsasında qısa müddətdə azad edilməsinə tərəfdar olduğunu bir daha bəyan edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Dövlət Komissiyası Dilqəm Əsgərov Şahbaz Quliyevin erməni hərbçilərlə qarşılıqlı mübadilələrinə hazırıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ