Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna itkilərini etiraf edir, Rusiya niyə gizlədir? - Savaşda sonun başlanğıcı...

Ukrayna itkilərini etiraf edir, Rusiya niyə gizlədir? - Savaşda sonun başlanğıcı...

Tarix: 11 Iyun 2022 08:36

İşğala məruz qalan ölkənin ordusu günə 100-ə qədər canlı qüvvə itirir, ruslar isə təkcə 3-4 gündə eyni yerdə iki bölük itirib; ekspertlər deyir ki...

"Ukrayna hər gün yüzə qədər hərbçi itirir, 500-ə qədər isə yaralanır".

Milli.Az musavat.com-a istinadən bildirir ki, bunu Ukrayna Müdafiə Naziri Oleksiy Reznikov facebook-da yazıb. Nazirin sözlərinə görə, Ukraynaya tədarük edilən silah Avropanın istənilən ordusuna qalib gəlməyə yetərlidir, lakin bunun həcmi Rusiyaya qarşı kifayət deyil: "Silah tədarükü tempindən tam razı deyiləm, lakin bizə kömək edən ölkələrə minnətdaram".

Maraqlıdır, Rusiya müdafiə naziri Sergey Şoyqu və ya onun sözçüsü öz itkiləri haqda niyə belə açıq danışmır? Əksinə, itkiləri gizlətməyə çalışırlar. Əvəzində isə Ukraynanın Nikolayev vilayəti hərbi administrasiyasının rəhbəri Vitaliy Kim bildirib ki, təkcə son 3-4 gündə düşmən eyni yerdə 2 bölük itirib, hazırda yaralıların təxliyəsi ilə məşğul olurlar.

"Digər tərəfdən, uğurlarımızı davam etdirmək üçün hərbi sursat alırıq. Silahlı Qüvvələrimiz arasında itkiləri azaltmaq üçün güc toplayırıq. İrəliləmək və uğur qazanmaq üçün hazırda gücümüzün konsentrasiyası ilə məşğuluq", - o bildirib.

Kim vurğulayıb ki, döyüşlərdə müəyyən irəliləyişlər var: "Nikolayev vilayəti istiqamətində irəliləyiş kilometrlərlə deyil, Silahlı Qüvvələrimizin mövqeləri baxımından müəyyən edilir. Hazırda hədəflərin vurulması baxımından bizim üstünlüyümüz var. Taktiki üstünlük də bizim tərəfimizdədir. Düşmən böyük itkilər verir".

Bundan əlavə, Ukraynanın diversiya qrupu Rusiyanın Bryansk vilayətinin ərazisinə daxil olub. Daha sonra Ukrayna ilə sərhəddəki sərhəd-keçid məntəqəsi atəşə tutulub. Ərazidə döyüşlər gedir, onların yerləşdiyi ərazi qumbaraatanlardan və haubitsalardan atəşə tutulub. Rus qoşunları Severodonetskdə də uğur qazana bilməyib, Mariupol və Xersonda tibbi xidmət, eləcə də dərmanlarla bağlı kritik vəziyyət yaranıb. Bu barədə Britaniya kəşfiyyatının Tvitter hesabında məlumat yayılıb. "Severodonetsk ətrafında döyüşlər davam edir. Rusiya hələ də şəhərin əksər hissəsini nəzarətdə saxlayır. Lakin rus qüvvələrinin şəhəri şimal və cənubdan daha geniş ərazidə mühasirəyə almaq cəhdi uğursuz olub", - məlumatda deyilir.

Siyasi təhlilçi Şahin Cəfərli qeyd edir ki, Bayden hökuməti Ukraynaya "MQ-1C Gray Eagle" kəşfiyyat-zərbə dronları göndərməyə hazırlaşır: "MQ-1C-nin uzunluğu 8,5 metr, qanad uzunluğu 17 metr, hündürlüyü 2,1 metr, maksimal uçuş çəkisi 1633 kiloqramdır. Saatda 250 km sürətlə hərəkət edə bilir, 8850 metr yüksəyə qalxır, 30 saat havada qalır. Yerdəki hədəflərə "Hellfire" raketləri və digər raket və bombalarla zərbələr endirir. Bir sözlə, lazımi şəkildə istifadə olunsa, effektiv texnoloji silahdır".

Onun sözlərinə görə, Ukrayna ordusu Qərbin çox minimal yardımı ilə şimal cəbhəsində qələbə qazandı, Kiyevi tutmaq və ya mühasirəyə almaq planını icra edə bilməyəcəyini görən Rusiya komandanlığı Kiyev, Çerniqov və Sum vilayətlərindəki salamat qalmış qüvvələrini geri çəkib, onları şərq cəbhəsinə yönəltdi: "Sonra Ukrayna ordusu Xarkov vilayətindəki lokal əməliyyatları ilə rus ordusunu Xarkov şəhəri ətrafından bir qədər uzaqlaşdırdı. Həmin istiqamətdə hazırda yavaş da olsa, irəliləyiş davam edir. Son günlər isə cənub cəbhəsində Ukraynanın irəliləyişləri var, Xerson vilayətində bəzi yaşayış məntəqələrinin azad edildiyi haqda xəbərlər gəlir".

Siyasi şərhçi Ramiyə Məmmədova qəzetimizə bildirdi ki, Rusiya informasiya savaşına görə itkilərini açıqlamır. Onun sözlərinə görə, bu həm rus xalqının əhval-ruhiyyəsinə təsir edə bilər, həm də müharibə dövründə itkilər gizli saxlanılır: "Rusiya hərbi rəhbərliyinin addımlarını hər halda başa düşmək olar. Müharibə yekunlaşdıqdan sonra rəqəmlər açıqlanır. Ancaq Kreml gizlətdi, ya gizlətmədi, Ukrayna işğalçı ordunun 32 minə yaxın canlı itki verdiyini açıqlayıb. Bu hətta real olmasa belə, ən azı həmin rəqəmə yaxın hərbçi öldürülüb. Hazırda mövqe döyüşləri gedir deyə itkiləri düzgün hesablamaq da çətindir. Ancaq Putin və Şoyquda bu haqda müfəssəl məlumatlar olmamış deyil. Faktiki, Rusiya 150 minlik qoşunla fevralın 24-də Ukrayna ərazilərinə daxil olub və onun 4 ay içində 32 minini itirib. Əgər daha 4 ay müharibə davam etsə, ordunun daha çox itkiləri ola bilər. Çünki Ukrayna Xerson və Severodonetsk uğrunda mübarizəni gücləndirib, Qərbdən yeni silahlar gəlməkdədir və Rusiya rəhbərliyinin həyəcanı da hiss olunmaqdadır".

Milli.Az


Etiketlər:  Ukrayna itkilərini etiraf edir Rusiya niyə gizlədir Savaşda sonun başlanğıcı


RƏYLƏR