Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şuşada doğulan Zülalov soyadının haqqını verən aktyor - Nadir fotolar

Şuşada doğulan Zülalov soyadının haqqını verən aktyor - Nadir fotolar

Tarix: 16 Iyun 2022 00:00

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi tərəfindən həyata keçirilən "Cənnətim Qarabağ!" adlı rubrikanın bu dəfəki təqdimatı Əməkdar artist Əli Zülalova həsr olunur.

Sonxeber.net bildirir ki, Teatr muzeyindən teleqraf.com-a verilən məlumata görə, layihə Prezident İlham Əliyevin 2022-ci ilin ölkədə "Şuşa ili" elan edilməsi haqqında Sərəncamına əsasən həyata keçirilir.

Layihə çərçivəsində muzeyin fondundan aktyorun yaradıcılığına dair bir neçə eksponat təqdim edilib.

XIX əsrin ortalarından başlayaraq Azərbaycan mədəniyyətinin inkişafındakı xüsusi töhfələri olan Zülalovlar ailəsinin nümayəndələrindən biri, milli opera səhnəmizdə özünəməxsus ifa tərzi ilə şöhrət qazanan Əli Əbdül oğlu Zülalov 1893-cü ildə Şuşada anadan olub. Erkən yaşlarından atasını itirdiyindən əmisi - dövrünün məşhur xanəndəsi Əbdülbaqi Zülalovun (Bülbülcan) himayəsində böyüyür.

Onun sənətinə olan rəğbətin təsirindən uşaq vaxtından musiqiyə maraq göstərməyə başlayır. Hələ 9 yaşında ikən mahnılar ifa edən Ə. Zülalovun müğənniliyə olan həvəsi onu teatr sənətinə gətirir.

Əmisi Bülbülcanla dostluq edən bəstəkar Üzeyir Hacıbəyli Əli ilə söhbət zamanı gəncin gur, xarakterik səsinə valeh olur. Elə bu səbəbdən onu özünün rəhbərlik etdiyi truppanın xor bölməsinə qəbul edir.

Beləliklə, Ə. Zülalov səhnədə ilk addımlarını "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyli qardaşlarının müdiriyyəti"nin truppasında atır və Əhməd Ağdamskidən sonra qadın rollarının ilk ifaçılarından olur. Bununla yanaşı təhsilini davam etdirmək niyyətində olan aktyor Bakı Musiqi Texnikumunu və Azərbaycan Dövlət Konservatoriyasını bitirir.

Təhsildən sonra yenidən səhnəyə qayıdan sənətkar Qarabağ xanəndəlik məktəbinin ənənələrini yaşadaraq Azərbaycan Dövlət Opera və Balet Teatrında müxtəlif rollara imza atır. Onun məlahətli ifası, səsindəki yanıqlıq tamaşaçıların ürəyinə sirayət edirdi.

Belə ki, Ü.Hacıbəylinin "Leyli və Məcnun" operasında Məcnunun anası, Zeyd, Leylinin atası, Məcnunun atası kimi müxtəlif partiyalarda çıxışı ilə şöhrətlənən aktyor, həm də Ü.Hacıbəylinin "Arşın mal alan", "Əsli və Kərəm", "Koroğlu", M.Maqomayevin "Şah İsmayıl", "Nərgiz", Z.Hacıbəylinin "Aşıq Qərib" və s. opera və operettalarında Süleyman, Paşa, Osmanlı, Keşiş, Ehsan paşa, Əbu Həmzə, Molla Mütəllim, Şahvələd obrazlarını da bənzərsiz məharətlə oynayıb.

(M. Maqomayev "Nərgiz" operası/ ADOBT,1938-39 - cu illər/ Ə.Zülalov - Molla Mütəllim)

1938-ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyünün iştirakçısı olan Ə.Zülalov M. Maqomayevin "Nərgiz" operasındakı ifasına görə "Şərəf nişanı" ordeninə layiq görülüb. Mənbələrdə göstərilir ki, Ə. Zülalov cürbəcür hiylədən çıxan Molla Mütəllim obrazının xislətini o qədər canlı, peşəkarcasına yaradıb ki, onun bu çıxışı tamaşa boyu gurultulu alqışlarla müşayiət olunub.

Azərbaycan musiqi mədəniyyətinin tarixində nadir rast gəlinən - Zülalov soyadının haqqını layiqincə daşıyan Əli Zülalov 1963-cü ildə Bakıda vəfat edib.


Etiketlər:  Şuşada doğulan Zülalov soyadının haqqını verən aktyor Nadir fotolar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ