Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2022 12:54
Bakının Nizami rayonunda narkotiklərin satışı ilə məşğul olan və narkotik vasitə istifadəçiləri üçün tiryəkxana təşkil edən 9 nəfər saxlanılıb.
Bu barədə Sonxeber.net-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Xəbərə görə, Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən son 1 həftə ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 nəfərdən ibarət dəstə saxlanılıb. Onlardan ümumilikdə 2 kiloqrama yaxın yüksək təsiredici xassəyə malik kokain, heroin, marixuana, tiryək, ekstazi və metadon həbləri, eləcə də metamfetamin aşkar edilib. Saxlanılan şəxslər Nizami rayonu və paytaxtın digər ərazilərində narkotik maddələrin satışını həyata keçirdiklərini bildiriblər. Həyata keçirilən digər əməliyyat zamanı Nizami rayonu Bəhruz Nuriyev küçəsində yerləşən mənzillərdən birində tiryəkxana təşkil edən daha 3 nəfər tutulub. Həmin ünvana baxış zamanı külli miqdarda heroin aşkar edilib. Araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər narkotiklərin satışı ilə məşğul olmaqla bərabər narkotik vasitə istifadəçiləri üçün tiryəkxana da təşkil ediblər. Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb. Nizami rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində əməliyyatlar davam etdirilir.