Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Sentyabr 2019 16:04
Bakı. Samir Əli - Trend:
Azərbaycan su ilə nisbətən az təchiz olunmuş ölkələrdəndir. Bizim su ehtiyatlarımız regiondakı su ehtiyatının 15 faizini təşkil edir.
Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə deyib.
R.Səttarzadənin sözlərinə görə, digər tərəfdən, iqlim dəyişikliyi nəticəsində su ehtiyatları azalır və bu tendensiya davam edəcək:
"Ölkə əhalisinin sayının artması, həyat standartlarının yüksəlməsi və suvarılan kənd təsərrüfatı sahələrinin genişlənməsi səbəbindən suya olan təlabat getdikcə artır. Ölkədə il ərzində su mənbələrindən təxminən 12 milyard kubmetr su götürülür ki, bunun da böyük bir hissəsi nəql zamanı itir. Əsas su itkiləri torpaq məcrada tikilmiş suvarma kanalları və təsərrüfatdaxili suvarma şəbəkələrində baş verir".
Şöbə müdiri bildirib ki, beynəlxalq praktikada suyun mənbədən bölüşdürülməsi, istifadəsi, təmizlənməsi, təkrar istifadəsi və ətraf mühitə qaytarılması kimi bütöv su dövriyyəsini özündə əks etdirən qabaqcıl yanaşmalar mövcuddur: "Gələcəkdə su qıtlığı problemi ilə üzləşməmək üçün su təchizatı qurğularında və məişətdə su itkilərinin qarşısı alınmalıdır. Kənd təsərrüfatında və sənayedə müasir texnologiya və suya qənaət edən avadanlıqlardan istifadə edilməlidir.
Sudan səmərəli istifadəni və bu məqsədlə qənaətli suvarma sistemlərinin tətbiqini təşviq etmək üçün düzgün uçot və istehlak olunan suyun miqdarından asılı olaraq fərqli tariflərin tətbiq olunması vacibdir. Bununla bağlı ETSN tərəfindən ictimaiyyətin məlumatlandırılması, maarifləndirmə və təbliğat işləri aparılır, respublikanın müxtəlif bölgələrində həyata keçirilən yaşıllaşdırma layihələrində damcılı suvarma sistemləri tətbiq olunur".
R.Səttarzadə deyib ki, bu işlərin davamı olaraq BMT-nin İnkişaf Proqramı və Qlobal Ekologiya Fondunun dəstəyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Meliorasiya və Su Təsərrüfatı ASC-nin təşkilatçılığı ilə dünən Saatlı rayonunun Cəfərxanlı kəndində damcılı suvarma sisteminin tətbiqi üzrə pilot layihə reallaşdırılıb:
"Layihənin məqsədi kənd təsərrüfatı sahəsində ənənəvi suvarma metodundan müasir suvarma metodlarına keçidin təşviq edilməsidir. Suya qənaəti tətbiq və təşviq edən bu cür layihələrin tədricən bütün ölkə ərazisini əhatə etməsi üçün tədbirlər davam etdirilir".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin