Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Apteklərdə DƏRMAN QITLIĞI yaranıb - İnsanları panikaya salan SƏBƏBİ necə aradan qaldırmalı?

Apteklərdə DƏRMAN QITLIĞI yaranıb - İnsanları panikaya salan SƏBƏBİ necə aradan qaldırmalı?

Tarix: 17 Avqust 2022 15:00

Artıq son bir neçə aydır ki, insanlar sözün həqiqi mənasında dərdlərinə dərman tapa bilmirlər. Kiçikdən böyüyə aptekə yollanan hər kəs əli boş, naümid evə qayıtmalı və ya bir neçə başqa aptekə də baş çəkməli olurlar, amma nəticəsi yenə də hüsran...

İllərdir şəkər və ağır təzyiqdən əziyyət çəkən Münəvvər xanım qeyd edir ki, bir tək dərmanlar onu ayaqüstə saxlaya bilirdi, lakin indi onlar da tapılmır:

"Şəkər, təzyiq bir gözümü artıq kor edib, ayaqlarım da işləmir. İllərdir ki, dərmanlarla özümü güclə də olsa, ayaqüstə saxlaya bilirdim. İndi övladlarım, nəvələrim çox dərmanımı, şəkər testlərimi tapıb ala bilmir və ağrılarım hər gün artmağa davam eliyir".

Şikayətçilərin sözlərinə görə, əczaçılar həmin dərmanların alternativ versiyalarını və ya oxşarını təklif edirlər. Amma alsalar da, istər psixoloji, istərsə də tərkibin fərqli olması sözügedən dərman kimi səhhətlərinə elə də effektiv təsir göstərmir. "Valerian" kimi tanıdığımız pişikotu dərmanı, "tetrasiklin", "raunatin" və bu kimi gündəlik istifadədə daha çox ehtiyac duyulan dərmanlar demək olar ki, yoxa çıxıb.

"Zeytun" aptek şəbəkəsində çalışan əczaçı Zeynəb Vəliyeva Bizim.Media-ya qeyd edib ki, artıq uzun müddətdir ki, bir neçə pereparat apteklərə gəlmir bunun səbəblərindən biri də Rusiya-Ukrayna müharibəsidir:
"Əksər apteklərdə eyni hal müşahidə olunur. Rusiyadan gətirilən dərmanlarda məhdudiyyətlər yarandığı üçün depolarda əsasən ürək damar, mədə-bağırsaq xəstəliklərinin profilaktik müalicəsi üçün istifadə olunan preparatlar azalıb. Çünki Ukraynadan və Rusiyadan gətirilən dərmanlara tələbat isə həddindən artıqdır və lazım olan dərmanlar məhz bu iki ölkədən gətirilir. Hazırda özümüz də bilmirik ki, həmin dərmanlar yenidən nə vaxt satışda olacaq".

Həkim-terapevt Mətanət Hüseynovanın sözlərinə görə isə dərmanların bəzilərinin əvəzediciləri mövcuddur, lakin:

"Tapılmayan bəzi dərmanlar var ki, başqa adla və eyni tərkiblə apteklərdə mövcuddur. Sadəcə əczaçılar xəstəni və dərman almaq istəyən digər şəxsləri bu haqda yaxşı məlumatlandırmalıdır. Xəstələrə dərmanın olmamağını birbaşa demək strress və panikaya sala bilər. Ona görə alternativ olan fərqli ad eyni tərkibdə olan dərmanların qəbulundan xəstələr narahat olmamalıdırlar.

Lakin əksər dərmanlar var ki, tərkibi eyni olsa belə, alıcılara alternativ preparatlar satmaq düzgün deyil. Düşünürəm ki, əczaçıların və həkimlərin üzərinə böyük məsuliyyət düşür və onların professionallığı bu məsələdə mühüm yer tutur.

Həkimlər dərman reseptlərini vəziyyətə uyğun olaraq hazırlamalıdırlar. Çünki bəzi insanlarda dərmanlara qarşı asılılıq yaranır ki, həmin preparatlar digərləri ilə əvəz edilməməlidir", - deyə M.Hüseynova qeyd edib.

Milli.Az


Etiketlər:  Apteklərdə DƏRMAN QITLIĞI yaranıb İnsanları panikaya salan SƏBƏBİ necə aradan qaldırmalı


RƏYLƏR