Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Sentyabr 2022 13:54
2 gün əvvəl gecə saatlarında Daşkəsən rayonunda baş vermiş torpaq uçqunu bir neçə kəndin yolunu bağlayıb. Hadisə "Daşkəsən Dəmir Filiz" MMC-nin hasilat fəaliyyəti apardığı "Cənub-Şərq" mədən ərazisindən təqribən 2 kilometr aralıda baş verdiyindən yolun bərpası işlərinə sözügedən qurumun texnika və canlı qüvvəsi cəlb olunub.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, 10 hektar ərazidə torpaq sahəsi uçdu, 4 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsildi...
Hadisə Daşkəsən rayonu Mollahəsənli kəndi yaxınlığında baş verib. Elektrik xəttləri zədələndiyindən kəndlərə enerji ötürülməsində də fasilə yaranıb.
Torpaq uçqunu gecə saatlarında qeydə alınıb. Ərazidə gediş-gəliş olmadığından xəsarət alan da olmayıb. Uçqunun o tayında qalan Mollahəsənli, Əhmədli, Şahvələdli və Dəstəfur kəndlərinin sakinləri rayon mərkəzinə çıxmaq üçün alternativ yollardan istifadə edirlər.
Uçqun nəticəsində Mollahəsənli çayının da qarşısı kəsilib.
Hadisənin fəsadlarını aradan qaldırmaq üçün əraziyə "Daşkəsən Dəmir Filiz" MMC-nin onlarla tikinti texnikası və canlı qüvvəsi cəlb olunub.
Müvafiq qurumlar mütəxəssisləri əraziyə cəlb edib. Yolun tam açılması istiqamətində işlər görülür. Paralel olaraq qeyd edilən ərazidə bu kimi hadisənin gələcəkdə yenidən baş verməməsi üçün qabaqlayıcı tədbirlər planı hazırlanır.