Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əməkhaqqı və təqaüdlərin artırılması dövlət siyasətində vətəndaş amilinin öndə dayandığını göstərir - Deputat

Əməkhaqqı və təqaüdlərin artırılması dövlət siyasətində vətəndaş amilinin öndə dayandığını göstərir - Deputat

Tarix: 30 Sentyabr 2019 10:00

Bakı. Elçin Mehdiyev – Trend:

İyunun 18-də Prezident İlham Əliyevin imzaladığı Sərəncamla minimum əməkhaqqının məbləği 250 manata çatdırıldı. Bu qərar artıq sentyabrın 1-də qüvvəyə minib. Belə bir qərarın verilməsi çox önəmli bir addımdır. Bu fakt bir daha göstərir ki, dövlətimizin siyasətində vətəndaş amili öndə dayanır.

Bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan millət vəkili Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, dövlət başçısının digər sərəncamları ilə müxtəlif sahələrdə çalışan insanların da əməkhaqları artırılıb: “Bu qərarlar artıq qüvvəyə minib. Göründüyü kimi, sosial sahədə atılan bu mütərəqqi addımlar Azərbaycan vətəndaşının maraqlarının dövlətin həyata keçirdiyi siyasətin mərkəzində dayandığını bir daha təsdiqləyir. Bütün atılan addımlar Prezident İlham Əliyevin güclü sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiq edir və bu, ictimaiyyət tərəfindən çox yüksək qarşılanır”.

Deputat əlavə edib ki, dövlət başçısı vətəndaşların sosial rifahının yüksəldilməsini hər zaman diqqətdə saxlayır. Azərbaycan iqtisadiyyatı inkişaf etdikcə Prezident İlham Əliyev əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində müvafiq işlər görür: "Bu gün ölkə Prezidenti tərəfindən atılan bu addımlar gələcək perspektivə hədəflənib. Minimum aylıq əməkhaqqının artırılması işçilərin yalnız bu gün üçün maaş formasında gəlirlərinin çoxalması deyil, onların gələcək sosial təminatlarına da müsbət təsir edəcək. Çünki artan əməkhaqlarından sosial sığorta və işsizlikdən sığorta haqları üzrə ödəmələr də çoxalır. Belə olan halda işçinin fərdi hesabındakı pensiya daha da artır”.

C.Osmanov qeyd edib ki, ötən illər ərzində reallaşdırılan məqsədyönlü siyasət sayəsində Azərbaycan bütün sahələrdə böyük uğurlara nail olub: “Bu gün Cənubi Qafqaz regionunun iqtisadiyyatının təxminən 80 faizi Azərbaycanın payına düşür. Ötən 15 ildə Azərbaycan həmçinin strateji valyuta ehtiyatlarını dəfələrlə artıraraq 44 milyard dollara çatdırmağa nail olub. Bu faktlar Azərbaycanı kifayət qədər böyük potensiala və gücə malik dövlət kimi səciyyələndirir.

Son 15 ildə reallaşdırılan məqsədyönlü siyasət sayəsində respublikanın iqtisadi müstəqilliyinin təmin olunması, maliyyə imkanlarının genişləndirilməsi Azərbaycanın özünəinam hissini artırır və ölkənin siyasi müstəqilliyini təmin edir. Bu gün Azərbaycan regional və qlobal miqyasda gedən proseslərə təsir göstərmək iqtidarında olan güclü aktora çevrilib”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Əməkhaqqı təqaüdlərin artırılması dövlət siyasətində vətəndaş amilinin öndə dayandığını göstərir Deputat


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ