Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Natəvan“ operasının tamaşası keçirilib

“Natəvan“ operasının tamaşası keçirilib

Tarix: 3 Oktyabr 2022 17:27

Oktyabrın 2-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti, Dövlət mükafatı laureatı Vasif Adıgözəlovun "Natəvan" operasının tamaşası keçirilmişdir. Tamaşa şairə Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunmuşdur. Tamaşada Xan qızının həyat və yaradıcıllığı öz əksini tapmış, bir şairə, Dövlət xadimi və ana kimi onun bənzərsiz obrazı yaradılmışdır.

Opera tamaşası ilk dəfə 2003-cü ildə Azərbaycan və Özbəkistanın Xalq artisti, rejissor Firudin Səfərov tərəfindən səhnəyə qoyulmuşdur (libretto müəllifi - Nazim İbrahimov, şeirlərin müəllifi Rüzgar Əfəndiyeva), Tamaşanın musiqi rəhbəri və dirijoru - Xalq artisti, professor Yalçın Adıgözəlov, quruluşcu rəssamı-Xalq artisti, Dövlət mükafatı laureatı Rafiz İsmayılov, rəqslərin quruluşcusu-Xalq artisti Tamilla Şirəliyeva, xormeyster - Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır. Bir neçə il ərzində səhnədə olmayan operanı bu  dəfə Əməkdar incəsənət xadimi rejissor Hafiz Quliyev təqdim etmişdir.

Tamaşada Teatrın təcrübəli solistləri ilə yanaşı (Azər Zeynalov Xasay bəy, Cahangir Qurbanov Xasay bəyin əmisi, Tural Ağasıyev Qara paltarlı, Təyyar Bayramov Xanəndə) gənc vokalçılar da yer almışlar. Böyük Britaniya Kral Musiqi akademiyasının məzunu, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Selcan Nəsibli Natəvan, aparıcı solistlər Taleh Yahyayev Qasım bəy Zakir, Mahir Tağızadə Aleksandr Düma, Fəhmin Əhmədli Hacı Abbas Agah, Rəvanə Əmiraslanlı Xanəndə qız partiyalarında çıxış etmişlər.

Qeyd etmək lazımdır ki, opera tamaşaçıların böyük marağına səbəb olmuş və anşlaqla baş tutmuşdur. Tamaşada Xan qızı Xurşidbanunun obrazı ilə yanaşı, o dövrdə Qarabağda baş verən ictimai-siyasi hadisələrə də geniş yer verilmiş və bu günümüzlə səsləşən mövzuya toxunulmuşdur. Belə ki, tamaşanın sonunda Natəvanın dilindən səslənən - " İndi Şuşa azad-

dır! Mənim ruhum onu qoruyur... Azərbaycan əsgəri Şuşanı azad etdi. Var olsun zəfərimiz!" kimi ifadələr tamaşa zalında əsl coşqu yaratmış və alqışlarla qarşılanmışdır.


Etiketlər:  Natəvan operasının tamaşası keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ