Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Oktyabr 2019 15:09
Bakı. Trend:
Əgər alıcılıq qabiliyyəti paritetinə əsasən hesablasaq, Azərbaycanda minimum əmək haqqının MDB, Gürcüstan və Ukrayna ilə müqayisədə yüksək olduğunu müəyyənləşdirmək olar.
Trend-in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı 2019-cu ildə reallaşdırılan inqilabi sosial islahatlara dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, beynəlxalq dollarla ifadədə Azərbaycan minimum əmək haqqı səviyyəsinə görə MDB ölkələri arasında 595 beynəlxalq dollar göstəricisi ilə 2-ci yerdə qərarlaşıb:
"Bu o deməkdir ki, Azərbaycanda yaşayan və minimum əmək haqqı alan şəxs ABŞ-da 595 ABŞ dolları məvacib alan şəxslə eyni alıcılıq qabiliyyətinə malikdir. Digər MDB ölkələri ilə müqayisədə Azərbaycanda beynəlxalq dollarla ifadə edilmiş minimum əmək haqqı Ermənistandan 2.1 dəfə, Qazaxıstandan 1.6 dəfə, Gürcüstan və Rusiyadan isə 1.4 dəfə yüksəkdir".
V.Qasımlı qeyd edib ki, Azərbaycanda 2019-cu il sentyabrın 1-dən minimum əmək haqlarının yenidən artırılması orta əmək haqqına da müsbət təsir göstərərək, orta əmək haqqının alıcılıq pariteti üzrə məzənnə nəzərə alınmaqla 1540 beynəlxalq dollara çatacağını proqnozlaşdırmağa imkan verir: "Bu o deməkdir ki, Azərbaycanda orta əmək haqqı Ermənistandan 1.6 dəfə (Ermənistan-960 beynəlxalq dollar), Gürcüstandan 1.1 dəfə (Gürcüstan-1431 beynəlxalq dollar) çox olacaq.
Minimal pensiya üzrə yeni göstəricilərə əsasən Azərbaycan MDB məkanında minimal pensiyanın beynəlxalq dollarla ifadəsinə görə 476 beynəlxalq dollarla 1-ci yerdə olacaqdır. Bu göstərici Ermənistanın minimal pensiya göstəricisindən 3.7 dəfə, Gürcüstanın göstəricisindən 2 dəfə, Rusiyanın göstəricisindən 1.3 dəfə, Qazaxıstanın minimal pensiya göstəricisindən isə 1.1 dəfə çoxdur".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin