Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Nar çubuğu ilə o qədər döydü ki, bir həftə...'' - “Məşhur uşaq”

''Nar çubuğu ilə o qədər döydü ki, bir həftə...'' - “Məşhur uşaq”

Tarix: 15 Oktyabr 2022 08:45

"Məşhur uşaq" rubrikası tanınmış sənətçilərin keçmiş xatirələrinə işıq tutur.

Bu dəfə Xalq artisti, aktyor Tariyel Qasımov Teleqraf.com-la xatirələrini bölüşüb.

"Atam qadağan etdi, anam gizlincə..."

- 1939-cu ildə doğulmuşam, ailənin ilk övladıyam. 1941-ci ildə müharibəyə gedən atam qayıdandan sonra 30 ilə yaxın kolxoz sədri oldu. Ailədə beş qardaş, iki bacı olmuşuq. Mehriban ailəmiz vardı. Məni çox ərköyün böyüdüblər. Yetənə yetirdim, yetməyənə daş atırdım. Hamı ilə dalaşırdım. Anama çox bağlı olsam da onu yaman incidirdim. O isə məni çox istəyirdi.

Atamın arzusu məni mühəndis görmək idi, amma mən öz istəyimin arxasınca getdim. Buna görə də uzun illər mənimlə küsülü qaldı. Anama da mənimlə danışmağı qadağan etmişdi, ona görə anam ondan gizlin mənə pul göndərir, arada Bakıya gəlib mənə baş çəkirdi.

"Haça dağına çıxıb aktyorluq edərdim"

- Aktyorluğa hələ uşaq yaşlarından böyük marağım vardı. Ovodu oynayan aktyor çox xoşuma gəlirdi, tez-tez onu təqlid edirdim. Bunu da evdə etmək olmurdu, kəndimizdəki Haça dağına gedib, orada Ovod kimi yeriyər, gəzər, danışardım.

Atam kolxoz sədri olduğuna görə Bakıdan gələn incəsənət adamları həmişə bizim evdə qonaq olardılar. Səhərə qədər danışıb söhbətləşər, çalıb-oynayardılar. Onların həyatı mənə elə gözəl görünürdü ki... Deyirdim, aktyor olmaq nə yaxşıdır.

"Anam, nənəm şərt kəsdi ki, kolxoz sədrinin qızını almalısan"

- Atama görə kənddə hamı mənə hörmətlə yanaşırdı. Anam da, nənəm də mənimlə şərt kəsmişdilər, deyirdilər ki, evlənmək vaxtın gələndə mütləq kolxoz sədrinin qızını almalısan.

Bizim məktəb 10 illik, qonşu kəndin məktəbi 7 illik idi, 7-ci sinifi bitirənlər gəlib bizim məktəbdə oxuyurdular. 8-ci sinifdə oxuyanda qonşu kənddən bizim sinifə beş uşaq gəldi. Qızlardan biri kolxoz sədrinin qızı idi. Bunu biləndən sonra qıza şanlı bir məktub yazdım.

Yazdım ki, bu kəndin kolxoz sədrinin oğluyam, sən də Eyhamlı kolxoz sədrinin qızısan. Səndən xoşum gəlir, orta məktəbi bitirəndə ailə quraq. Dərs vaxtı bu məktubu qıza ötürdüm. Oxudu, başladı hönkür-hönkür ağlamağa... Səkinə müəllim bunun səbəbini qızdan soruşsa da o, cavab vermədi, axırda şanlı məktubu müəllimə uzatdı.

Müəllim uca səslə bir neçə dəfə "bu məktubu kim yazıb" soruşanda mən ayağa qalxdım. Hiss etdim ki, Səkinə müəllim məni vuracaq, özümü müdafiə etmək üçün üzümü tutdum, qələmin perosu müəllimənin baş barmağının bir tərəfindən girib o biri tərəfindən çıxdı. Durub qaçdım və bir həftə məktəbə getmədim.

Direktor atama şikayət edəndən sonra atam məni danladı və məktəbə yola saldı. Qəmbər adında bir müəllimimiz vardı, gəldi sinfə, mənə "dur ayağa, çıx otaqdan" dedi. Qulağımdan tutub məni öz kabinetinə gətirdi, nar çubuğu ilə o qədər döydü ki... Bir həftə xəstə yatdım.

"Safura İbrahimovanı sevdim"

- Bu hadisəni heç vaxt unutmadım, hətta yadımdadır ki, institutda oxuyanda Təhmasib müəllim kursa on qız, on oğlan götürmüşdü. Deyirdi ki, hərəniz bir qızı seçin, onunla da evlənin. Sonra da bir yerdə teatrda işləyin. Dedim, Təhmasib müəllim, qorxuram, sevə bilmərəm. Çünki vaxtilə nar çubuğunu yamanca döyülmüşəm və hələ də unutmamışam.

Amma sevdim. Kursumuzda oxuyan Safura İbrahimovanı sevdim. Ona da bir şərt qoydum, dedim aktrisa olmayacaqsan. O, razılaşmadı. Soruşursunuz ki, niyə aktrisa olmasına icazə vermirdim, mən o sirri açmaq istəmirəm. Bunu biz aktyorlar yaxşı bilirik. Görürsünüz, teatrda işləyən çox az aktyor cütlüyü var. Elə məsələlər var ki, onu demək olmaz...


Etiketlər:  çubuğu ilə qədər döydü həftə Məşhur uşaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ