Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Müharibənin yeni bir fazaya keçəcəyi gözlənilir''

''Müharibənin yeni bir fazaya keçəcəyi gözlənilir''

Tarix: 22 Oktyabr 2022 12:03

"Bu gün Rusiya-Ukrayna müharibəsinin 240-cı günüdür. Müharibə oktyabrın 8-də Krım körpüsünün partladılması ilə yeni bir fazaya daxil oldu. Belə ki, Putin Təhlükəsizlik Şurasını çağırıb və orada Ukraynanın daha ağır bədəl ödəyəcəyini bildirib".

Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Elşad Həsənov bildirib.

Onun sözlərinə görə, Rusiya Ukrayna ərazisinə 200-ə yaxın qanadlı raket atdı, o cümlədən 11 vilayəti bombardman etdi və Kiyevin dörd rayonundakı əsas sənaye obyektlərini, elektrik infrastrukturlarını dağıtdı: "Bu gündən də müharibə yeni bir fazaya keçərək, daha da qızışdı. Buna cavab olaraq müdafiə nazirliklərinin görüşü baş tutdu və Ukraynaya hərbi yardımı artırmaq haqqında razılığa gəlindi. Eyni zamanda, Ukraynanın məğlubiyyətinin NATO-nun məğlubiyyəti olduğu qeyd edilərək bildirildi ki, Rusiyanın Ukraynaya qalib gəlməsinə imkan verməyəcəyik. Eynilə ABŞ-ın prezidenti də kəskin çıxış etdi. Artıq Ukraynaya uzaq mənzilli, yəni 300, 500, 700 kilometrə qədər vura biləcək qanadlı raketlər verməyə razılaşdı. Ukrayna hava səmasının raketlərdən müdafiə üçün qalxanın hazırlanmasına da razılıq verilib. Müharibə artıq daha da güclənir.

Ukraynanın artıq 10 mindən çox Böyük Britaniyada təlim görmüş əsgər və zabitləri cəbhəyə qayıtdı. Bu da təbii ki, ölkəyə güclü stimul verir.

Rusiya isə Ukraynanın artıq elektrik, nəqliyyat infrastrukturunu demək olar ki, iflic vəziyyətə salıb. Qırx faizdən artığı dağıdılıb.

Bu gün Ukraynada ciddi elektrik çatışmazlığı hökm sürür. Yəni müharibənin yaxın günlərdə daha da şiddətlənəcəyi və yeni bir fazaya keçəcəyi gözlənilir. Ukrayna Müdafiə Naziriyinin məlumatına görə, Rusiyanın itkiləri artıq 65 mini keçib. Bütün bunlar nəzərə alındıqda isə müharibənin tezliklə qurtarması gözlənilmir".


Etiketlər:  Müharibənin yeni fazaya keçəcəyi gözlənilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ