Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Oktyabr 2022 11:34
2022-ci il 27 oktyabr tarixindən xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici nəqliyyat vasitələri istisna olmaqla, yüklə birlikdə kütləsi 8 tondan artıq olan yük avtomobillərinin səhər saat 07:00-dan axşam 22:00-dək, yanacaq daşıyan yük avtomobillərinin isə səhər saat 06:00-dan axşam saat 00:00-dək Bakı şəhərinə girişi və şəhərdaxili hərəkətinin qadağan edilməsi nəzərdə tutulub.
Bu qadağa görəsən, paytaxtda hakim olan tıxac probleminin həllinə nə dərəcədə təsir göstərəcək?
Sonxeber.net xəbər verir ki, bizim.media-ya açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, yük maşınlarına qoyulan bu qadağa tıxac məsələsinin həllində cüzi rol oynayacaq, problemin kökündən həllinə gətirib çıxarmayacaq:
"Bundan öncə də bənzər qərar var idi. Həmin qərarla səhər saat 08.00-20.00 arasında yük avtomobillərin şəhərə buraxılmasına məhdudiyyət qoyulmuşdu.
Amma həmin qərara əməl olunmadı. Ölkədə əlaqədar qurumların atdığı addımların nəticələrinin analiz edilməsi kimi problemi yaşayırıq. Atılan addımların harda effekt verdiyi, səhvlərin, porblemlərin harda olduğu analiz olunmalıdır.
Analizə uyğun olaraq da qərarların qəbul edilməsi mexanizmi hazırlanmalıdır. Ölkəmizdə əsas problem olan tıxacların niyə yaranması, burada yük maşınlarının rolu, bundan əlavə tıxaca səbəb olan əsas məsələnin nədən ibarət olması ilə bağlı analizə, elmi araşdırmaya ehtiyac var.
Bu mənada oktyabrın 27-də qüvvəyə minəcək qərar sərt şəkildə yerinə yetirilərsə, tıxac probleminin həllinə cüzi də olsa təsir edəcək. Amma bu addım problemin kökündən, fundamental həlli üçün yetərli deyil".