Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Oktyabr 2019 18:40
Bakı. Trend:
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşları tərəfindən “İnternetdə olan imkanlar və təhlükələr” mövzusunda növbəti seminar keçirilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, budəfəki maarifləndirici tədbir Şamaxı rayonunun Məlikçobanlı kəndində yerləşən Gülağa Ağayev adına tam orta məktəbdə təşkil olunub.
Bu layihə kənd yerlərində yaşayan məktəblilərin internetdən səmərəli istifadəsinin təmin edilməsi, kibertəhlükəsizlik texnologiyaları sahəsində praktiki və nəzəri biliklərinin artırılması üçün nəzərdə tutulub.
Üç əsas istiqamətdə aparılan seminarda ilk növbədə məktəblilərə rabitə və internet haqqında ümumi məlumat verilib, tədris və fərdi inkişaf üçün internetin geniş imkanları, o cümlədən təhlükələri barədə danışılıb. Məktəblilərə müasir virtual şəbəkədə məsuliyyətli davranış qaydaları, zərərli kontentlərdən sığortalanmaq, şəxsi məlumatların təhlükəsizliyi və digər mövzular haqda ətraflı məlumat verilib.
Tədbirin sonunda seminar iştirakçılarının müvafiq mövzular üzrə sualları cavablandırılıb.
Seminar Beynəlxalq Müəllimlər Günü ərəfəsinə təsadüf etdiyinə görə təşkilatçılar tərəfindən məktəbin müəllimlərinə müxtəlif hədiyyələr də təqdim edilib.
Xatırladaq ki, iki ildən artıq bir müddətdir ki, müxtəlif regionlarda keçirilən bu maarifləndirici tədbirlərin digər bölgələrdə də davam etdirilməsi planlaşdırılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin