Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Noyabr 2022 11:50
Azərbaycanda hava şəraiti kəskin dəyişəcək, temperatur aşağı düşəcək, intensiv yağış yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Sonxeber.net-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən noyabr ayı üçün səciyyəvi olmayan nisbətən mülayim hava şəraitindən sonra 27-si gündüzdən hava şəraitinin dəyişəcəyi, 28-i gündüzədək şimal küləyinin arabir 20-23 m/s-dək güclənəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir.
Noyabrın 29-dan dekabrın 2-dək isə hava şəraitinin daha da pisləşəcəyi, bu müddət ərzində yağıntıların intensivləşəcəyi ehtimalı var.
Havanın temperaturunun günü-gündən aşağı enərək gündüz saatlarında 7-9° isti olacağı gözlənilir. Qeyd edək ki, havanın temperaturu iqlim normasından 7° yüksəkdir.
Azərbaycanın rayonlarında noyabrın 26-sı şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Noyabrın 28-i axşamdan dekabrın ilk günlərində prosesin daha da kəskinləşəcəyi, yağıntıların intensivliyinin artacağı ehtimalı var.
Külək: Şimal küləyi 27-28-də ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.
Temperatur: Noyabrın 28-dən başlayaraq havanın temperaturunun günü-gündən aşağı enərək, aran rayonlarında 6-11° isti, dağlıq rayonlarda isə 0-5° şaxta olacağı gözlənilir.
Çaylarda: Sululuğun artacağı ehtimal olunur.