Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avropa çökür, Fransanı çevriliş gözləyir: NATO-nun hərbi resursları tükənir

Avropa çökür, Fransanı çevriliş gözləyir: NATO-nun hərbi resursları tükənir

Tarix: 29 Noyabr 2022 08:42

Qərb ekspertləri hesab edirlər ki, şaxtalı qış sosial-iqtisadi böhranın daha çox hiss olunduğu Fransa və Almaniyanı ilk növbədə "dondura", bu ölkələrin hakimiyyətlərini istefa vermək məcburiyyətində buraxa bilər... Ukrayna savaşında həm Rusiya, həm də Avropa Birliyi ölkələri məğlub duruma düşərsə, Çinin də iqtisadi çöküşü qaçılmaz olar, şəriksiz dünya hegemonluğu anqlosaksların əlinə keçər...

Ukrayna savaşı dünyanı dəyişir. Bu savaşın nə vaxt sona çatacağı hələlik məlum deyil. Ancaq məlum olan əsas məsələ odur ki, Ukrayna savaşında kimin qalib gəlməsindən asılı olmayaraq, dünya daha əvvəlki kimi olmayacaq. Ən azından savaşa qədər mövcud olan beynəlxalq siyasi sistem dəyişikliyə uğrayacaq.

Təbii ki, yeni beynəlxalq sistemin necə olacağı isə Ukrayna savaşında hansı tərəfin qalib gəlməsinə bağlıdır. Belə ki, Rusiya qalib gələrsə, dünyada Kremlin rus imperialist prinsipləri daha çox keçərli ola bilər. Halbuki, bunun üçün Rusiyanın sadəcə, qalib gəlməsi deyil, həm də dünya üzərində hegemonluq və ya beynəlxalq siyasi şərtləri diqtə etmək potensialını da qoruyub, saxlaya bilməsi vacibdir.

Rusiya əleyhinə beynəlxalq koalisiyanın qələbəsi isə yalnız Rusiyanı deyil, onunla birlikdə hazırda iqtisadi yüksəlişdə olan Çini də məğlum duruma sala bilər. Nəticədə ABŞ və Avropa Birliyi indiki beynəlxalq siyasi sistemi daha da sərtləşdirərək, yalnız öz maraqlarına indeksləşdirməyə çalışacaqlar. Bununla da bütün dünya Qərbin siyasi-iqtisadi əsarəti altına düşmüş olacaq.

Nəhayət, daha bir üçüncü variant da mövcuddur. Belə ki, Ukrayna savaşında həm Rusiya, həm də Kremlə qarşı beynəlxalq koalisiyanın əhəmiyyətli bir hissəsini təşkil edən Avropa Birliyi ölkələri də məğlub duruma düşə bilərlər. Bu halda, Çinin də iqtisadi çöküşü qaçılmaz olacağından, Ukrayna savaşının şəriksiz qalibi statusu anqlosaksların qismətinə düşəcək. Nəticədə dünyanın siyasi sisteminin anqlosaksların hegemonluğuna uyğunlaşdırılması prosesi başlayacaq.

Ukrayna savaşı ətrafında yaranmış vəziyyətə diqqət etdikdə, hazırda hərbi-siyasi proseslərin hələlik məhz üçüncü variant üzrə inkişaf etdiyini düşünmək olar. Belə ki, "savaş bataqlığı"na salınmış Rusiya tədricən zəifləyir. Kremlin dünyadan təcrud olunma prosesi davam edir. Rusiyanın enerji resurslarının Avropa bazarlarından sıxışdırılması ilə Kremlin əsas maliyyə qaynaqları bloklanır. Və bu orta perspektivdə Rusiyanın iflası ilə nəticələnə biləcək prosesə çevrilmiş kimi görünür.

Ancaq Avropa Birliyi ölkələrinin düşdüyü vəziyyət də heç Rusiyadan fərqlənmir. Hər halda, Rusiyaya qarşı tətbiq olunmuş beynəlxalq sanksiyalar Avropa Birliyi məkanında da eyni dağıdıcı effekti yaratmaqdadır. Yəni, Rusiyanın məruz qoyulduğu bütün beynəlxalq sanksiyalar əslində, paralel olaraq, Avropa Birliyinə də tətbiq olunmuş kimi görünür. Və bu baxımdan, hesab etmək olar ki, Avropa Birliyi yalnız Rusiyaya deyil, həm də özünə qarşı da sanksiya tətbiq etmiş qurum durumuna düşüb.

Məsələ ondadır ki, Rusiyanın neft və təbii qazından imtina Avropa məkanında ciddi enerji böhranı yaradıb. Hazırda Avropa ölkələri bütün enerji növlərində qiymət artımı ilə üzləşib. Bu böhran paralel olaraq, Avropa dövlətlərinin iqtisadiyyatlarına sarsıdıcı zərbələr vurur. Bütün sahələr üzrə infilyasiya və qitmət artımı ən yüksək həddə çatıb. Bəzi sənaye müəssisələrinin artıq bağlandığı və ya iflas durumuna yaxınlaşdığı bildirilir. Və Avropa ölkələri hazırda öz əhalisini qənaətlə yaşamağın vacibliyini təbliğ etməyə çalışırlar.

Maraqlıdır ki, son vaxtlar Avropa Birliyinin yüksək rütbəli təmsilçiləri əhalini şaxtalı qışa hazırlaşmağa çağırırlar. Xüsusilə də, Avropa Birliyinin xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrel Ukrayna savaşının yaratdığı situasiyanın daha ağır nəticələr vəd etdiyini qətiyyən gizlətmir. Və hətta daha ağır dövrün hələ irəlidə olduğunu vurğulayır.

NATO-nun baş katibi Yens Stoltenberq isə Rusiya ilə müharibədə Ukraynaya yardım göstərilməsinin Qərb ölkələrinin əhalisinə baha başa gəldiyini etiraf edib. Avropada ərzaq və elektrik qiymətlərinin artdığını vurğulayan NATO-nun baş katibi bir çox avropalı ailələr üçün "çətin günlər"in yaxınlaşdığını da söyləyib. Və onun dediyinə görə, belə vəziyyətin hələ nə qədər davam edə biləcəyi də məlum deyil.

Ancaq nə qədər qəribə də olsa, Y.Stoltenberq NATO ölkələrinin Ukraynaya dəstəyi artırmasının vacibliyini də vurğulayıb. Onun fikrincə, Ukraynaya hərbi yardımlar rəsmi Kiyevin Rusiya ilə danışıqlar masasında mövqelərinin güclənməsi baxımından böyük önəm daşıyır. Və Rusiyanın heç bir halda, üstünlük qazanmasına imkan vermək olmaz.

Halbuki, Qərb ölkələrinin Ukraynaya hərbi yardımların davam etdirilməsi baxımından, imkanlarının məhdudlaşdığı barədə də artıq müəyyən məlumatlar mövcuddur. Belə ki, bəzi iddialara görə, NATO-ya üzv 30 dövlətdən təxminən 20 ölkə hazırda Ukraynaya yardımla bağlı hərbi resurslarını tükəndirib. İndi həmin ölkələrin öz hərbi ehtiyatlarını yenidən artırması üçün külli miqdarda maliyyə vəsitinə ehtiyacları var.

Milli.Az musavat.com-a istinadən bildirir ki, mütləq əksəriyyəti Avropa Birliyinin də üzvü olan NATO ölkələri hazırda özləri ağır böhran mərhələsinə daxil olmaq üzrədirlər. Bəzi ehtimallara görə, belə vəziyyət Avropa Birliyi məkanında kütləvi etiraz dalğasını stimullaşdıra bilər. İtaliya da daxil olmaqla, bəzi Avropa ölkələrində artıq hökumətlər istefa vermək məcburiyyətində qalıb. Və yaxın gələcəkdə, xüsusilə də şaxtalı qışa paralel olaraq, sosial-iqtisadi böhran da dərinləşdikcə, Avropa ölkələrində hakimiyyət dəyişikliklərinin də intensivləşə biləcəyi ehtimal olunur.

Qərb ekspertləri hesab edirlər ki, şaxtalı qış sosial-iqtisadi böhranın daha çox hiss olunduğu Fransa və Almaniyanı ilk növbədə "dondura" bilər. Hətta Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsun bu qışdan hakimiyyət başında çıxa biləcəklərinə ciddi şübhələr var. Və onların hər ikisinin artıq başlanmış kütləvi etiraz dalğasının güclənəcəyi təqdirdə, tezliklə istefa vermək məcburiyyətində qala biləcəkləri vurğulanır.

Milli.Az


Etiketlər:  Avropa çökür Fransanı çevriliş gözləyir NATO nun hərbi resursları tükənir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ