Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Alqışlardan hiss etdik ki, tamaşaçılar tərəfindən çox sevildi"

Tarix: 3 Dekabr 2022 18:55

"Əgər sən kimlərəsə məktəb ola bilirsənsə, demək ki, varsan. Əsas budur. Mən kimlərəsə məktəb ola bildim. Və əminəm ki, gələcəkdə də, mən həyatda olmayanda da kimlərəsə məktəb olacağam. Bu gün mənim ifa etdiyim mahnıları, aranjmanları öyrənib, Londonda, Türkiyədə, və s. ölkələrdə ali məktəblərə daxil olurlar. Mən başqa ölkələrdə yaşayanlar üçün virtual müəlliməyəm. Bilirsiniz mənə nə qədər yazırlar? Mənim sadəcə vaxtım olmayıb ki, pedaqoji fəaliyyətlə məşğul olum".

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Sevda Ələkbərzadə deyib. O daha sonra əlavə edib.

"Hər bir şeyin öz çərçivəsi var. Televiziyada ciddi işlərimdən danışıram. Efirin öz etikası var. Efirdə evdə olduğun kimi ola bilməzsən. Bəziləri deyir ki, mən həyatda necəyəmsə, efirdə də eləyəm. Bu düzgün hal deyil. Sən küçədə gedəndə unutmalısan ki, müğənnisən. Həyatda çox sadə insanam, küçədəki adi insanlardan seçilmərəm. Küçə səhnə deyil axı. Səhnəyə bəzəndiyim kimi küçəyə çıxanda bəzənə bilmərəm. Çox rahat şəkildə öz həyatımı yaşayıram" deyə müğənni bildirib.

Sevda Ələkbərzadə yeni işlərindən də danışıb.

"Türkiyənin məşhur cazz musiqiçiləri ilə birgə albomumuz işıq üzü görəcək. Bu Türkiyənin etnik-cazz musiqisinin sintezi olacaq. Düşünürəm ki, Türkiyədə də indiyə qədər belə bir albom çıxmayıb. Çox maraqlı albomdur. Mən heç bilmirdim ki, Türkiyədə belə gözəl cazz musiqiçiləri var. Bu albom dünyaya çıxacaq səviyyədə gözəl albomdur. Bu günlərdə Bakıda konsert verən "Manqa" qrupu məni səhnəyə dəvət etdi. Qrupun solisti Ferman Akgül mənimlə 2 il öncə "Ulu vətən" mahnısını ərsəyə gətirmişdi. Bu mahnını birlikdə ifa etdik. Alqışlardan hiss etdik ki, tamaşaçılar tərəfindən çox sevildi" deyə əməkdar artist bildirib.

Məşhur müğənni efirlərdə səslənən bayağı musiqilərdən də danışıb.

"İfa etdiyim musiqilərlə dünyanın bir çox ölkələrində keçirilən festivallarda çıxış etmişəm, albomlarım satılıb. Müğənnidə hər şeydən öncə sənətə sevgi olmalıdır. Biznesin, pulun xətrinə sənətə gəlmək olmaz. Bu gün efirlərdə yaxşı musiqinin az səslənməsi məni incidir. Yaxşı səviyyəli musiqi təkcə cazz musiqi deyil ki, pop musiqisi də var. İstərdim ki, efirlərdə bayağı musiqi səslənməsin. Sosial şəbəkələrə kim nə yükləyirsə özləri bilərlər, amma televiziyada səslənməyini istəmərəm. Çünki televiziya xalqın güzgüsüdür. İnsanlar çox şeyə baxa bilər, amma sən televiziya olaraq olmaz ki, qeyri-etik görüntünü efirdə göstərəsən. Televiziya xalqın güzgüsüdür" deyə Sevda Ələkbərzadə deyib.

Milli.Az


Etiketlər:  Alqışlardan hiss etdik ki tamaşaçılar tərəfindən çox sevildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ