Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2022 04:45
"Sevgi o zaman adını bütövləyir sevgi olur ki, onun altında yalnız bir söz yazılır. O da dəyər və hörmətdir. Mənim atama qarşı olan sevgim o qədər böyükdür ki, buna da biz canımızdan gələn hörmətlə nail olmuşuq. Mən elə şərait yaratmamışam ki, atam üstümə qışqırsın. Yaxud da atam da elə imkan yaratmayıb ki, mən ondan küsüb, inciyim. Atam o qədər incə qəlbli bir insandır ki, hərdən deyirəm ki, Allah özü də bilmədən onu böyük psixoloq yaradıb. O qarşısındakı insanın düşüncəsini oxuyur. Çünki mən ondan illərin dərsini almışam. Bu illər ərzində ondan yalnız insanlıq, böyüklük görmüşəm".
Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Fərqanə Qasımova deyib:
"Əvvəllər televiziyaya hər insanı qonaq dəvət etməzdilər. Efirə qonaq gələn müğənni istədiyi mahnını oxuya bilməzdi. Bu gün bunun bir yaxşı tərəfi də odur ki, hər kəsi öz vicdanı ilə, sənəti ilə təkbaşına buraxırlar. Çünki hər kəs bilməlidir ki, biz dünyaya 2-3 gün üçün gəlməmişik. Üstündən neçə illər keçməsinə baxmayaraq biz yenə də keçmişin mahnılarına müraciət edirik. Çünki o mahnıların bünövrəsi sağlamdır. Müəyyən illərə qədər muğamı bizdən əvvəlki sənətkarlar yaşatdı. Muğam inamını itirmək ərəfəsində idi. Bu zaman dünyaya Alim Qasımov sənəti gəldi. Onun vasitəsilə də mən sənətə başladım. Biz sənətə qalmaqalla gəlib, gündəmdə qalmamışıq. Qalmaqalla gündəmdə qalmaq istəyənlər sadəcə vaxt, zaman itirirlər" deyə xanəndə bildirib.
"Sizə çox daş atılır. O daşlara cavab olaraq nə demək istərdiniz?" sualına isə xanəndə belə cavab verib.
"Alim müəllimə də, mənə də daşlar, sözlər atıla bilər. Elə bəzən mənim özüm üçün də deyirlər ki, filan mahnını dəyişdi, filan mahnını belə oxudu. Bu daş sayılmır. Bu sadəcə o daşı öz başına vurmaqdır, özünə atmaqdır. Ona görə də atdıqları daşlar heç vaxt bizim başımıza gəlib dəyməyib, elə öz başlarına dəyib, sonra peşman olub, başlarını sarıyıb sakit oturublar. Əgər söhbət zirvədən gedirsə və Alim müəllim də o zirvədədirsə demək ki, o daha diqqətli olmalıdır. Çünki çox təhlükəli yollardan keçə bilər" deyə əməkdar artist bildirib.