Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Oktyabr 2019 14:27
Bakı. Samir Əli - Trend:
Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi tərəfindən SA-1672 bort nömrəli bayda tipli üzmə vasitəsinin heyət üzvü 1976-cı il təvəllüdlü Quliyev Vurğun Akif oğlunun axtarışları davam edir.
DSX-dən Trend-ə verilən məlumata görə, üzmə vasitəsinin xilas edilmiş digər 3 üzvü müvafiq tibbi yardım göstərildikdən sonra evlərinə buraxılıblar.
Fövqəladə Hallar Nazirliyinin Böhran vəziyyətlərdə idarəetmə mərkəzindən DSX-nin Sahil Mühafizəsinə 02.10.2019-cu il tarixdə dənizə çıxmış SA-1672 bort nömrəli 4 nəfər heyət üzvü olan bayda tipli üzmə vasitəsi ilə 07.10.2019-cu il saat 16:00 radələrindən sonra əlaqənin kəsilməsi barədə məlumat daxil olub.
Bu məlumat alındıqdan dərhal sonra dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmilərinə axtarış barədə tapşırıqlar verilib və əraziyə yaxın fəaliyyət göstərən bütün üzmə vasitələri məlumatlandırılıb.
Aparılmış birgə axtarış tədbirləri nəticəsində itmiş qayığın 3 nəfər heyəti aşkar olunaraq xilas edilib və 09 sentyabr tarixdə saat 00:55 radələrində dənizdə dövlət sərhədinin mühafizəsində olan "Şahdağ" tipli gəminin bortuna götürülüblər.
Xilas edilmiş balıqçılar ilkin tibbi yardım göstərilərək isti geyim və qida ilə təmin olunub, saat 07:10 radələrində Sahil Mühafizəsinin bazasına gətiriliblər. Xilas edilmiş şəxslərin Neftçala rayonu sakinləri 1980-ci il təvəllüdlü Babayev Valeh Vidadi oğlu, 1975-ci il təvəllüdlü Cəfərov Elbrus Yəhya oğlu, 1971-ci il təvəllüdlü Əhmədov Aqil Şamil oğlu olmaları müəyyən edilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin