Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2023 19:02
Qış aylarında respirator viruslara yoluxma hallarının artması ənənəvi olaraq müşahidə olunur.
TƏBİB-dən Sonxeber.net-a verilən xəbərə görə, 2022-2023-cü il qış mövsümü üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Avropa regionunda 21 noyabrdan etibarən influenza epidemiyası elan olunub.
İnfluenza el arasında qrip olaraq tanınan xəstəlikdir. Xəstəlik özünü qızdırma, burun axması, baş və boğaz ağrıları, yorğunluq, quru öskürək kimi simptomlarla biruzə verir və adətən simptomatik müalicə olunur.
Xəstələrə izolyasiya qaydalarına əməl etmələri, vəziyyətləri kəskinləşdikdə həkimə müraciət etmələri tövsiyə olunur.
Həssas qrupa daxil olan şəxslər isə (hamilə qadınlar, uşaqlar, xroniki xəstəliyi olanlar, yaşlılar) dərhal həkimə müraciət etməli və nəzarətdə olmalıdırlar.
İnfluenza virusuna qarşı effektivliyi sübuta yetirilmiş vaksinlər mövcuddur və ildə bir dəfə peyvənd olmaqla yüksək risk qrupuna daxil olan şəxslərdə ağırlaşma və ölüm hallarının qarşısını almaq mümkündür.
Hazırda TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində influenza virusuna (qrip) qarşı vaksinasiya aparılır. Ötən ilin dekabr ayının 15-dən etibarən 13 008 nəfər qrip xəstəliyinə qarşı vaksin olunub. Bakı şəhəri üzrə bu rəqəm 2 843 nəfər təşkil edib.
Qeyd edək ki, arzu edən şəxslər vaksin üçün qeydiyyatda olduqları tibb müəssisəsinə müraciət edə bilər.