Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2023 16:32
Azadlıq hərəkatının liderlərindən olan, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının canlı efirdə gözlənilməz addımı ilə bağlı yayılan görüntülər müzakirələrə səbəb olub. Canlı efirdən sonra başıüstə dayanan Nemət Pənahlı aparıcının xahişi ilə yoqa hərəkətini nümayiş etdirib və bir saata yaxın belə dayana bildiyini deyib.
Sözügedən video ictimaiyyətdə səs-küy yaradıb. Bir qisim 61 yaşlı Nemət Pənahlının 1 saat başıüstə dayanmasını sağlam həyat keçirməsi və bunu təşviq etməsi ilə əlaqələndərərək təqdir edib, digər qisim isə onun bu addımını qeyri-etik və efir izləyicilərinə hörmətsizlik kimi qarşılayıb.
Sonxeber.net xəbər verir ki, bizim.media-ya açıqlamasında Nemət Pənahlının baş verənlərə fikirləri daha maraqlı olub. O, sözügedən videodan nə narahat olduğunu, nə də onu aşağılayacaq şərhlərə əhəmiyyət verdiyini deyib:
"Xəqaninin məşhur bir şeiri var. Deyir, istəmərəm adımı çağıralar Xəqani, mən yoxsullar şairi Xəlqaniyəm, Xəlqani...Bu gün Azərbaycanda "müəllim" ifadəsini ancaq rüşvətxorlara, vəzifəlilərə, yüksək vəzifədə olanlara deyirlər. Mən də bütün ömrümü haqsızlığa, zülmə və dediyim o rüşvətxor "müəllim"lərə qarşı savaşa vermişəm. Həmçinin türklərdə bir söz var, deyir "hər kəs kəndinə yaraşanı yapar".
1988-90-cı illərdə Sovet imperiyası bütün mexanizmini işə saldı ki, şəxsiyyətimlə və nəslimlə bağlı nəsə tapıb, ortalığa çıxarsın ki, əleyhimə kampaniya aparsın. Bir tərəfim Qərbi Azərbaycandan, digər tərəfim isə Naxçıvandan olduğu üçün heç nə tapa bilməyib, "Heydər Əliyevin adamıdır"dedilər. Meydan hadisəsindən 35 il keçir.
Mən 18 gün o meydanda çıxış etmişəm. Elə olub ki, bir gündə 3-4 saat dayanmadan nitqim olub. Ginnesin Rekordlar Kitabında belə yoxdur ki, bir natiq 10 saat danışsın. Mən "oturun" deyəndə 1 milyon insan otururdu, "durun" deyəndə qalxırdı. Orada "oturmayan ermənidir" sözünü meydandakı yüz minlərlə insan deyirdi və ondan sonra oturmayanları döyə-döyə oturdurdular. 1 milyon insan olurdu o meydanlarda, məgər bunların hamısı dəli idimi? 18 gün danışdım, dediyim sözlərin heç biri xatırlanmır, amma demədiyim ifadəni bəzi təxribatçılar adıma çıxarıb əleyhimə indi də təbliğat aparırlar. Bu dəfə də heç nə tapa bilmədilər, məlum videonu müzakirə edirlər. Görün, Nemət Pənahlının düşmənləri necə zavallı durumdadır. Mənim millətim isə düşmənin çeynədiyi o saqqızı bəzən alqışlayır".
Nemət Pənahlı efirdən sonrakı baş verənlərin necə yayımlandığından da danışıb:
"Birincisi həmin görüntülər Sevinc xanımın təkidi və israrı ilə ortaya çıxıb. O, başıüstə dayanmamı xahiş etdi. Təbii ki, mən də bunun uyğun və canlı efirdə yeri olmadığını söylədim. Əslində orada qeyri-əxlaqi bir şey də görmürəm. O boyda ciddi çıxışdan sonra təbii ki, başıüstə dayanmağım uyğun deyildi. Amma veriliş bitəndən sonra Sevinc xanım özəl olaraq təkrar-təkrar xahiş etdi və inandırmağa çalışdı ki, çəkilən video özü üçündür.
Həm də yoqa ilə özünün maraqlandığını qeyd edərək, təkidlə əyani şəkildə göstərməyimi istədi. Mən də bir Azərbaycan xanımını qırmadım və nümayiş etdirdim. Bu gün də yazırlar ki, Sevinc xanım səni məhv və düşmən elədi. Sevinc xanıma yalnız bir iradım var ki, görüntünü icazəm olmadan çəkib. Yəni öncədən çəkildiyini deməyib. Düşəndən sonra çəkilişin olduğunu bildirdi, mən də doğru olmadığını dedim. Həyatımda təsadüfi addım atan adam deyiləm və bunun nə ilə qarşılaşacağını əvvəlcədən bilirdim.
Həm də az-çox Azərbaycan cəmiyyətinə bələdəm. Efirdən çıxdm və yenə Sevinc xanım mənə zəng etdi ki, bu videonun yayılmasına icazə verim. Təkrar-təkrar məsləhət görmədiyimi, uyğun olmadığını bildirsəm də, israrını davam etdi. Hətta sual da etdim ki, məqsədi və niyyəti mənim gülüş hədəfinə çevrilməyimdirsə, bunu da açıq desin. Xanım isə əksinə, məni bununla millətə örnək olaraq göstərmək üçün və yaxın gələcəkdə məhz yoqa, idman sahəsində veriliş hazırlayacağının bir anonsunun reklamı olacağına inandırdı. Belə də razılaşdıq.
Doğrudan da bunu cəmiyyət üçün örnək kimi istəyirsizsə, belə bir veriliş təşkil edilsin, orada siyasətdən kənar yoqadan, sufizmdən, mənəvi aləmdən danışaq. Nəhayət ki, Sevinc xanım israrla söz verdi ki, bu veriliş mütləq olacaq. Amma ondan əvvəl videonu yaysın. Bunun da mənim üçün fərqi yoxdur. Bütün dünya yığışıb desə ki, yer üzünə Nemət Pənahlıdan dahi şəxsiyyət, peyğəmbər gəlməyib, mənim tüküm tərpənəsi deyil. Yaxud əksinə desələr ki, Nemət Pənahlı qədər dünaya alçaq varlıq gəlməyib, yenə mənim tüküm tərpənəsi deyil. Mən məni bilirəm. Məni nə tərifləməklə ucaltmaq, nə də alçaltmaqla yıxmaq mümkündür".
18 yaşından idmanla, xüsusilə yoqa ilə məşğul olduğunu vurğulayan hərəkatçı barəsindəki şərhlərdən dəhşətə gəldiyini bildirib:
"İdmanla məşğul olmaq nə zamandan bəri bir insan üçün anti-təbliğat sayılıb? Əksər idman növlərinin öz mahiyyəti var və fiziki sağlamlığa xidmət edir. Yoqa isə idman növünün ən intellektual bir sahəsidir. Eyni zamanda ruhu, mənəvi qidallanmanı təmin edir. Ən azı bəşriyyətin tanıdığı Mahatma Qandi bütün mübarizə dövrü yoqa ilə məşğul olub, yanında keçi saxlayıb və keçi südü ilə qidalanıb. Ona mənfi nöqteyi-nəzərdən yanaşan olmayıb. İndi yanında keçi saxladığına görə Mahatma Qandiyə kimsə çoban deyirmi? Yüz faiz əminəm ki, mənə qibtə edirlər. İçlərində yanırlar ki, necə olur bu adam bacarır, biz bacarmırıq.
Sadəcə qara kütlənin və aşağı cəmiyyətin bunu faciə kimi qələmə verməsi anlaşılan deyil. Ərdoğan demiş topunuzu yığın gəlin. 10 milyonun içində bir nəfər mənlə dənizdə sona qədər üzsün, yaxud ovçuluqda məndən yaxşı atsın, hətta at çapsın... Bütün sahələrdə istənilən adamla debata hazıram. İndidən deyirəm, hamısını məğlub edəcəyəm".
Nemət Pənahlı videosu ilə bağlı onu tənqid edən Azərbaycan alimi, tənqidçi, ədəbiyyatşünas, türkoloq Kamil Vəli Nərimanoğluya isə sərt cavablar verib:
"Bu adam haqqımda çirkabını töküb. Deyin görüm, dünyada yoqa ilə məşğul olmaq, yoxsa rüşvət almaq alçaqlıq və həqarətdir? Bu ölkədə onun öz tələbəsindən rüşvət almadığını bilməyən yoxdur. Rüşvətxor müəllimin tələbəsindən pul alması, öz tələbəsinə sataşması yoxsa Nemət Pənahlının başıüstə dayanması namussuzluq, şərəfsizlik, binəmusluq və alçaqlıqdır? Müəllim və ya professor olasan, amma alkaşsan...Bu adam alkoqolizmdən müalicə olunub. Belə adamların Nemət Pənahlıya dil uzatmasına qoy azərbaycan xalqı qiymət versin".