Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putinə qarşı Paşinyan-Makron təxribatı işlədi...

Putinə qarşı Paşinyan-Makron təxribatı işlədi...

Tarix: 25 Yanvar 2023 09:38

Elşad Həsənov: "Avroittifaqın bu birtərəfli qərarı iki ölkə münasibətlərini yaxşılaşdırmayacaq"

Məlum olduğu kimi, Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan sərhədinə növbəti missiyanın göndərilməsi barədə razılıq verib. Bununla artıq 2 aylıq missiyadan, iki illik missiyaya keçdilər. Missiyanın ilkin mandatı iki illik nəzərdə tutulacaq, operativ qərargahı isə Ermənistanda yerləşəcək.

Mülki əməliyyatlara Aİ-nin Xarici Fəaliyyət Xidmətinin Mülki Planlama və Davranış (CPCC) üzrə idarəedici direktoru Stefano Tomat rəhbərlik edəcək. Yaxın gələcəkdə yerli səviyyədə əməliyyatlara nəzarət etmək üçün missiya rəhbəri təyin ediləcək. Missiyanın tərkibi 100 nəfərdən ibarət olacaq.

Məlum qərar Ermənistanda böyük sevinclə qarşılanıb. Bəllidir ki, Azərbaycan Aİ-nin sərhədə missiya göndərilməsinə qarşıdır. Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində Azərbaycanın razılığı olmadan belə bir addımın atılmasının doğru olmadığını qeyd etdi: "O vaxt da danışıldı və orada müzakirə olundu ki, bu missiya qısamüddətli olacaq, 40 nəfərdən ibarət olacaq və cəmi iki ay çəkəcək. Mən də bununla razılaşdım. Ancaq sonra nədənsə bu danışıq, yəni, bu razılaşma pozuldu. Bu, əlbəttə ki, çox məyusedici bir məqamdır. Çünki biz ciddi adamlarıq. Burada ciddi söhbətlər gedir. Biz nəyisə razılaşdırırıqsa, hətta şifahi olsa belə, buna əməl etməliyik. Necə ola bilər? Bir müddət sonra Avropa İttifaqının yüksəkvəzifəli şəxsi demişdi ki, missiya uzadılacaq. Ondan sonra Fransanın xarici işlər naziri demişdi ki, biz missiyanı uzadacağıq. Əlbəttə, biz dərhal hərəkətə keçdik və izahat tələb etdik. Bu, nə məsələdir? Siz bunu necə uzadacaqsınız? Siz axı bu missiyanın göndərilməsini bizimlə razılaşdırmısınız. Nə üçün? Çünki bu, bizim sərhədimizin yanında olacaq. Necə ola bilər ki, bizimlə bu razılaşdırılmasın? Ona görə bu növbəti missiyanın göndərilməsi, əlbəttə ki, çox xoşagəlməz bir haldır. Bu, təhlükəsizliyi artırmayacaq, əksinə, bizimlə olan bu danışıqlar formatı böyük sarsıntıya məruz qalacaq".

Bundan başqa, Rusiya xarici işlər naziri Sergiy Lavrov da buna qarşı olduğunu dedi. Qeyd etdi ki, sözügedən missiyanın göndərilməsinin müsbət nəticə verəcəyinə inanmır. Missiya əlavə gərginlik yaradacaq. Çünki buna Azərbaycanın da razılığı lazımdı: "Unutmaq lazım deyil ki, söhbət Azərbaycanla sərhəddən gedir. Yəqin ki, bu missiya Azərbaycanın razılığı olmadan sərhəddə yerləşdiriləcəksə, qeyri-məhsuldar olacaq. Sərhəddə etimadın möhkəmlənməməsi əlavə gərginliklər yarada bilər".

Görünən odur ki, Ermənistanın bu missiyanı artıq iki illik missiyaya çevirməsi yönündə atılan bu addımlar faktiki surətdə proseslərə maneçilik törədir. Ən əsası odur ki, Azərbaycan bunu istəmədiyi halda Aİ bu qərarı verib. Bəlli olur ki, Rusiya da bunu istəmir, Azərbaycan da buna pozucu bir addım kimi baxır. Bu, əslində Putinin iradəsinə qarşı Fransanın çoxdan planlaşdırdığı bir məqsəd idi. Nəhayət bunu Fransa Aİ vasitəsilə yerinə yetirdi. 44 günlük Vətən müharibəsindən sonra Paşinyan Fransa əsgərlərinin sərhədə gətirilməsi məsələsini gündəmə gətirmişdi. İndi Fransa Paşinyanla birlikdə buna nail oldu. Fransa əsgərləri olmasa da, Aİ missiyasını təmsil edən şəxslərin gəlməsi, bir növ, nəzərdə tutulan məqsədin reallaşması deməkdir.

"Bu o deməkdir ki, gələcəkdə Aİ-nin sülhməramlılarının sərhəddə yerləşdirilməsi məsələsini qaldıracaqlar"

Məsələyə münasibət bildirən siyasi ekspert Elşad Həsənovun fikrincə, birtərəfli şəkildə belə bir qərarın qəbul olunması iki ölkə arasında münasibətlərin yoluna düşməsinə xidmət etmir: "Əksinə, prosesin uzanmasına xidmət edir. Əfsuslar olsun ki, Avroittifaq Ermənistana uzunmüddətli missiyanın göndərilməsi ilə bağlı qərar verdi. Bunun da əsas idarəedicisi Fransadır. Faktiki olaraq, rəsmi Paris bununla öz istəyinə nail oldu və prosesin uzanmasına təkan verdi. Azərbaycanın razılığı olmadan belə bir missiyanın göndərilməsi Avropa İttifaqının beynəlxalq qanunlara məhəl qoymaması anlamına gəlir. O cümlədən, ikili standartlardan qaynaqlanır. Məsələni mürəkkəbləşdirən faktor həm də odur ki, Rusiyanın mövqeyi nəzərə alınmadan bu addım atılır. Bu da, istər-istəməz, prosesə mənfi təsir edir. Çünki Rusiya bu prosesin həm də onun Cənubi Qafqazdakı maraqlarına qarşı yönəldiyini yaxşı bilir. Məsələ ondadır ki, Ermənistanın son bir neçə ayda apardığı siyasət Rusiyadan qopmaq, uzaqlaşmaq siyasətidir. Bunu görməzdən gəlmək mümkünsüzdür. Heç şübhəsiz ki, bütün bunlar Kremli qıcıqlandırır. Artıq bunu Rusiyada nəinki hansısa siyasi ekspertlər, rəsmi şəxslər belə açıq bəyan edirlər. Biz nəzərə almalıyıq ki, İrəvanda Rusiya əleyhinə təşkil olunan mitinqlər təsadüfi deyildi. Bunun sifarişi Qərbdən gəlirdi, icra edən də Paşinyan hakimiyyəti idi. Artıq Ermənistanda ictimai rəy Rusiyaya qarşı xeyli köklənib. Bütün bunlar bir-biri ilə sıx bağlıdır və ümumi aparılan siyasətin tərkib hissəsidir. Onu də nəzərə almaq lazımdır ki, Paşinyan komandasının üzvləri əsasən Sorosun yetirmələridir. Onlar Rusiyanı Ermənistandan sıxışdırmaq üçün bütün vasitələrə əl atırlar. Ona görə də Aİ missiyasının sərhədə göndərilməsi həm də Rusiyaya qarşı bir demarşdır. Avroittifaqın bu birtərəfli qərarı Azərbaycan-Ermənistan münasibətlərini yaxşılaşdırmayacaq. Əksinə, sülh müqaviləsinə olan ümidlərin daha da azalmasına rəvac verəcək. Digər tərəfdən, Aİ istəsə belə, Ermənistanın Rusiyadan qopması asan görünmür. Hesab edirəm ki, regionda vəziyyət daha da gərginləşəcək. Çünki Putinin Qarabağdakı Vardanyan kartı işləmədi. Vardanyan həm Qarabağda yerli ermənilər arasında nüfuz qazana bilmədi, həm də Azərbaycan və Ermənistan hakimiyyətləri ona qarşıdır. Söhbət ondan gedir ki, Paşinyan da onun oradan getməsini istəyir. Çünki Rusiyanın Qarabağa desant kimi atdığı Vardanyan özünü doğrulda bilmədi. Fransa bu vəziyyətdən istifadə edərək Aİ vasitəsilə sərhədə müşahidə missiyası göndərdi. Bu o deməkdir ki, gələcəkdə Aİ-nin sülhməramlılarının sərhəddə yerləşdirilməsi məsələsini qaldıracaqlar. Plan həm də buna hesablanıb. Bütün bunlar isə Cənubi Qafqazda nüfuz müharibəsini gücləndirəcək".


Etiketlər:  Putinə qarşı Paşinyan Makron təxribatı işlədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ