Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2023 08:36
İnzibati məhdudiyyətlər, yüksək inflyasiya, Rusiyadan köçürmələr...
Azərbaycan bir ildir dollar "bolluğu" yaşayır. Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, bu ilin yanvar-fevral aylarında qurumda Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirilən valyuta hərraclarında 545 milyon ABŞ dolları məbləğində satış olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 50,4 faiz azdır. Yanvar ayında banklar hərraclarda cəmi 188,5 milyon dollar, fevralda isə 356,5 milyon dollar alıb. Hətta yanvarda elə gün olub ki, dollar alışı, ümumiyyətlə, baş verməyib.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, yanvar ayında Azərbaycanda bankların nağd ABŞ dolları satışının həcmi də kəskin azalsa da, əhalinin banklara dollar satışında bunun əksi qeydə alınıb. AMB-nin 2023-cü ilin yanvar ayı üzrə "Nağd xarici valyuta ilə mübadilə əməliyyatları" üzrə göstəricilərindən aydın olur ki, həmin dövrdə əhali banklardan nağd qaydada 152.33 milyon ABŞ dolları aldığı halda, onlara 139.84 milyon dollar satıb. Müqayisə üçün qeyd edək ki, əvvəlki ayda - dekabrda əhali banklardan 207,87 milyon dollar almışdı.
Bu ilin yanvarında bankların əhaliyə satdığı ABŞ dolları öncəki ilin eyni dövründəkindən 56 faiz azdır. Bankların əhalidən aldığı ABŞ dolları isə öncəki ilin eyni dövründəkindən 75 faiz çoxdur. Xatırladaq ki, 2022-ci ilin yanvarında banklar əhaliyə 367 milyon 495.7 min dollar satıb, əhalidən 79 milyon 768.0 min dollar almışdı.
2022-ci il ərzində Azərbaycan bankları əhalidən nağd olaraq 2 milyard 40 milyon dollar alıb, 2 milyard 357 milyon dollar satıb. Beləliklə, əhalinin banklardan dollar alışı banklara satışından cəmi 317 milyon dollar çox olub. 2021-ci ildə isə banklar nağd şəkildə 1 milyard 353 milyon 123 min dollar alıb, 2 milyard 95 milyon 909 min dollar satmışdı. Beləliklə, əhalinin banklardan nağd alışı satışını 742 milyon 786 min dollar üstələmişdi.
Qeyd edək ki, Azərbaycanda rəsmi hərraclarda dollara tələbin azalması pandemiya dövründən başlasa da, ötən ilin ikinci rübündən özünü daha kəskin büruzə verməkdədir. Bu tendensiyanın meydana gəlməsində bir neçə amil əsas rol oynayır. Onlardan birincisi Azərbaycanın quru sərhədlərinin qapalı saxlanmasıdır. Rəsmi statistikaya əsasən, sərhədlərin açıq olduğu 2019-cu ildə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 13,4 faiz artaraq 5 milyon 567,7 min nəfər olub. Ölkə vətəndaşlarının 36,7 faizi İrana, 28,9 faizi Gürcüstana, 17,6 faizi Rusiya Federasiyasına, 11,4 faizi Türkiyəyə, 5,4 faizi isə digər ölkələrə gedib.
2022-ci ildə isə 2021-ci illə müqayisədə xarici ölkələrə gedən vətəndaşların ümumi sayı 1,5 dəfə artsa da, 2019-cu ildəkinin 26,8 faizinə bərabər olmaqla 1489,5 min nəfər təşkil edib. Bu zaman gedənlərin 44,0 faizi Türkiyəyə, 18,0 faizi Rusiya Federasiyasına, 13,6 faizi İrana, 8,6 faizi Gürcüstana, 15,8 faizi digər ölkələrə səfər edib. Bu isə o deməkdir ki, əhalinin xarici səyahət xərcləri də 2019-cu illə müqayisədə 4 dəfəyə yaxın azalıb. Bu isə xarici səfərlərdə istifadə olunan əsas xarici valyutaya - dollara olan tələbin azalması deməkdir.
Ölkədəki dollar bolluğuna səbəb olan digər amil qlobal bazarlarda əlverişli qiymət şərtləri nəticəsində neft-qaz gəlirlərinin kəskin artımıdır. Belə ki, bu mənbədən 2021-ci ildə Azərbaycan 18,1 milyard manat əldə etmişdisə, 2022-ci ildə bu göstərici 5,7 milyard manat çox olmaqla 23,8 milyard manat təşkil edib. Neft-qaz gəlirləri daxili dövriyyəyə yalnız ARDNF vasitəsilə deyil, SOCAR tərəfindən də daxil edilir. Şirkət ölkə daxilindəki öhdəliklərini icra etmək üçün dollar satmağa məcburdur.
2022-ci il ərzində qeyri-neft ixracında da artım baş verib - həcmi 3 milyard dollara çatıb. Eyni zamanda ötən il ərzində bankların xaricdən cəlb etdikləri vəsaitin həcmində də artım qeydə alınıb. Mərkəzi Bankın statistikasına əsasən, Azərbaycanda fəaliyyət göstərən bankların xarici öhdəlikləri 2022-ci il dekabrın 31-nə 1 milyard 761,9 milyon manat təşkil edib ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 65,7 faiz çoxdur.
Ötən il və elə bu ilin ilk aylarında da ölkədə dolların çoxalmasına xarici ölkələrdən, əsasən də Rusiyadan fiziki şəxslərin göndərdiyi pul baratları da mühüm paya malikdir. Belə ki, AMB-nin açıqladığı məlumata görə, 2022-ci ildə Azərbaycana 3,4 milyard ABŞ dolları məbləğində pul baratları daxil olub. Bu, 2021-ci illə müqayisədə 3 dəfə çoxdur.
AMB hələlik 2022-ci ildə ölkələr üzrə reallaşdırılan köçürmələri açıqlamayıb. Lakin burada Rusiyadan köçürmələrin böyük paya malik olduğu şübhəsizdir. Belə ki, doqquz aylıq göstəriciyə əsasən yanvar-sentyabrda Azərbaycana ən çox pul Rusiyadan - 2,3 milyard dollar köçürülüb.
Bu ilin yanvar ayında isə sürətli pul köçürmə sistemləri vasitəsilə Azərbaycan banklarına 198.5 milyon manat vəsait daxil olub. Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi isə 42.4 milyon manata bərabər olub. AMB bildirir ki, ötən ilin yanvar ayına nisbətən Azərbaycana pul köçürmələri 74.7 faiz və ya 84.9 milyon manat artıb, ölkədən xaricə köçürmələr isə 44.5 faiz və ya 34.1 milyon manat azalıb.
Maraqlıdır ki, bu ilin yanvarında ölkənin ixracı azalıb, idxalı isə kəskin artıb. Dövlət Gömrük Komitəsinin statistikasına əsasən, 2023-cü ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrünə nisbətən 19 faiz azalaraq 3 milyard 289.53 milyon dollar təşkil edib. Azərbaycanın ixracı yanvar ayında 39,2 faiz azalaraq 1 milyard 876.84 milyon dollar, idxalı isə 45,4 faiz artaraq 1 milyard 412.69 milyon dollara çatıb. Nəticədə xarici ticarətdə müsbət saldo 4,5 dəfə azalaraq 464.15 milyon dollara bərabər olub.
Ay ərzində neft ixracımız 2 milyon 246 min 118.56 ton təşkil edib. Bu, keçən ilin yanvarında qeydə alınan 3 milyon 505 min 551.96 tonluq ixracdan 36 faiz azdır. Neft ixracından əldə olunan gəlir isə 2 milyard 31 milyon 435.60 dollardan 1 milyard 397 milyon 747.32 min dollar düşüb - yəni 31,2 faiz azalıb.
Hazırkı dollar bolluğunda tənzimləyici qurumların inzibati qərarlarının da rolu var. Belə ki, 2015-ci il devalvasiyasından bəri adambaşına il ərzində 10 min dollardan yuxarı dollar alışına Mərkəzi Bankın qeyri-rəsmi qaydada tətbiq etdiyi qadağa hələ də davam edir. Ötən ilin sentyabrında Mərkəzi Bank banklara daxili təlimat göndərib. Həmin təlimatla bankların saxlaya biləyəcəyi dolların həcminə məhdudiyyət tətbiq olunub, konkret həcm müəyyənləşdirilib. Bu həcmi aşan bankları isə cərimə gözləyir. Bəzi bank mütəxəssisləri hesab edirlər ki, bu təlimat Mərkəzi Banka nəhayət ki, Azərbaycanda banklararası bazarın işlək hala gəlməsinə nail olmağa imkan verib. Çünki banklar istədikləri qədər xarici valyuta saxlaya bilmirlər. Onlar məcburən Mərkəzi Bankın müəyyən etdiyi həcmdən artıq valyutanı sistem daxilindəki bazarda satışa çıxarırlar. Ehtiyacı olan banklar həmin həcmləri alırlar. Nəticədə tənzimləyici bankların dollarla bağlı vəziyyətini aydın şəkildə görür və əməliyyatları izləyə bilir. Banklar da öz növbəsində bank bazarından dollar əldə etməkdə maraqlıdır, çünki bu zaman xüsusən də xaricə ödəmələrdə nağdsız əməliyyatlarda komissiya tutulmur.
Digər tərəfdən, ötən ilin ikinci yarısından etibarən Azərbaycandan kənara valyuta çıxarılması prosesinə nəzarət sərtləşdirilib. İyul ayında Cinayət Məcəlləsi və İnzibati Məcəlləyə müxtəlif əməliyyatlar çərçivəsində xarici ölkələrə valyuta çıxararaq geri qayıtmasını təmin etməyən fiziki və hüquqi şəxslərə yönəlik cəzalar və cərimələrin kəskin artırılmasına dair dəyişikliklər qüvvəyə minib.
Nəhayət, dollar bolluğuna gətirən daha ciddi səbəb əhalinin yığım potensialının kəskin azalmasıdır. Belə ki, ötən il ərzində qeydə alınan kəskin inflyasiya əhalinin gəlirlərinin mühüm bir hissəsini "yediyinə" görə yığım məqsədilə dollar alışları azalıb. Rəsmi statistikaya əsasən, 2022-ci ildə illik inflyasiya 13,9 faiz, ərzaq inflyasiyası 19,7 faiz təşkil edib. Bu ilin yanvarında orta illik inflyasiya 13,4 faiz, ərzaq məhsulları üzrə inflyasiya isə 17,5 faiz olub. Müstəqil mənbələr rəsmi statistikanın inflyasiyanı düzgün əks etdirmədiyi və real qiymət artımlarının daha yüksək olduğu qənaətindədirlər. Bu fərq ərzaq məhsullarının qiymətində daha yüksək hesab olunur.
Nəzərə alsaq ki, Azərbaycanda əhali gəlirlərinin çox böyük hissəsini məhz ərzağa sərf edir, onda yığım imkanlarının nə qədər məhdudlaşdığını təsəvvür edə bilərik. Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, Azərbaycan dünyada ailə gəlirlərindən qida məhsullarına ən çox xərclənən 9 ölkə sırasındadır. Belə ki, ölkəmizdə ailələr aylıq gəlirlərinin 40,1 faizini ərzaq məhsullarını almağa xərcləyir. Yerli ekspertlər isə Azərbaycan əhalisinin ərzaq xərclərini onun aylıq gəlirlərinin 51 faizindən yüksək səviyyədə qiymətləndirirlər.
Bütün bu amillərin nəticəsidir ki, Azərbaycanda iqtisadiyyatda dollar tələbi artıran proseslər getdiyi halda, biz əks prosesi müşahidə edirik.