Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2023 22:15
Milli Məclisin sədri Sahibə Qafarova Serbiya Respublikasına rəsmi səfəri çərçivəsində mayın 25-də bu ölkənin Milli Assambleyasının sədri Vladimir Orliçlə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sonxeber.net-a verilən məlumata görə, Milli Məclisin sədrini salamlayan Serbiya parlamentinin spikeri bu ayın 16-da Azərbaycana səfəri, Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirakı və Sahibə Qafarova ilə görüşü barədə təəssüratlarını bölüşüb. O, uzaqgörən siyasətçi və böyük dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bu tədbirin yüksək səviyyədə təşkili münasibətilə Milli Məclis sədrini təbrik edib.
Azərbaycan və Serbiya arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdiyini bildirən Milli Assambleyanın sədri qeyd edib ki, iki ölkənin dövlət başçıları arasında münasibətlər və qarşılıqlı səfərlər əlaqələrimizin daha da genişlənməsinə imkan verib. O, bu səfərlərin gələcəkdə də davamlı olacağını bildirib və əlavə edib ki, tərəflər arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsi üzərində hər iki tərəfdə ciddi iş aparılır.
Serbiya parlamentinin spikeri qeyd edib ki, ölkələrimiz müxtəlif sahələri əhatə edən əməkdaşlıq münasibətlərinə malikdir. Ölkələrimiz suverenlik və ərazi bütövlüyü məsələlərində həmrəylik nümayiş etdirirlər. Yüksək siyasi dialoq iqtisadi sferada da münasibətlərə təkan verir. Xüsusilə, energetika və ekologiya, sərmayə qoyuluşu sahələrində əlaqələrin daha da dərinləşdirilməsi üçün yaxşı imkanlar mövcuddur.
Parlamentlərarası münasibətlərin inkişaf perspektivlərindən danışan Assambleya sədri, Sahibə Qafarovanın bu səfərinin Serbiyaya Azərbaycan parlamentinin sədri səviyyəsində ilk səfər olduğunu bildirib və qeyd edib ki, bu səfər münasibətlərimizin daha da dərinləşməsinə xidmət edəcək. O, qeyd edib ki, səfər çərçivəsində Serbiya Milli Assambleyası ilə Azərbaycan Milli Məclisi arasında imzalanacaq parlamentlərarası anlaşma memorandumu qanunvericilik orqanlarımız arasındakı əlaqələri yeni səviyyəyə qaldıracaq. O, parlamentlərarası əməkdaşlığın inkişafında dostluq qruplarının fəaliyyətinin və qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib.
Milli Məclisin sədri Sahibə Qafarova göstərilən qonaqpərvərliyə görə serbiyalı həmkarına təşəkkürünü bildirib, ona mayın 16-da Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirakına və maraqlı çıxışına görə bir daha minnətdarlığını ifadə edib.
Spiker Sahibə Qafarova qeyd edib ki, Azərbaycan və Serbiya arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri məmnunluq doğurur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Serbiya Azərbaycanın Avropadakı ən yaxın dostlarından biridir. Azərbaycan ilə Serbiyanın dövlət başçıları arasında mövcud olan dostluq münasibətləri ölkələrimiz arasında əlaqələrin sürətli inkişafında önəmli rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin noyabr ayında Serbiyaya, Serbiya Prezidenti Aleksandar Vuçiçin isə ötən ilin dekabrında ölkəmizə baş tutmuş səfərlərinin uğurlu nəticələri bunu bir daha sübut edir.
Milli Məclisin sədri bildirib ki, Azərbaycan və Serbiya prinsipial məsələlərdə həm beynəlxalq təşkilatlarda, həm də ikitərəfli əlaqələrdə bir-birini daim qarşılıqlı şəkildə dəstəkləyir, həmrəylik nümayiş etdirirlər.
Sahibə Qafarova qeyd edib ki, Azərbaycan və Serbiya xalqları arasında dostluq münasibətləri dövlətlərarası münasibətlərin inkişafı üçün möhkəm əsasdır. Belqradda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsinin, Novi Sad şəhərində görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin büstünün, serb xalqının görkəmli nümayəndəsi Nikola Teslanın Bakıda abidəsinin ucaldılması xalqlarımızın bir-birinin dəyərlərinə qarşılıqlı hörmətinin təzahürüdür. O, həmçinin xatırladıb ki, 2023-cü ilin martında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa ilə Novi Pazar şəhərləri arasında qardaşlıq əlaqələrinin yaradılması haqqında Memorandum imzalanıb.
Spiker Sahibə Qafarova Serbiya Milli Assambleyası ilə Azərbaycan Milli Məclisi arasında imzalanacaq parlamentlərarası anlaşma memorandumunun da bu sahəyə dəyərli töhfə olacağına inamını bildirib.
Milli Məclisin sədri qeyd edib ki, ötən dövrdə parlament nümayəndə heyətlərimizin həm ikitərəfli əsasda, həm də beynəlxalq tədbirlərdə iştirakı çərçivəsində qarşılıqlı səfərləri olub. Hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən dostluq qrupları isə qanunverici orqanlarımız arasında körpü rolunu oynayır. Parlamentarilərimiz arasında münasibətlərin daha da gücləndirilməsi üçün dostluq qrupları və parlament komitələri arasında əməkdaşlıq imkanlarından istifadə edilə bilər.
Görüşdə Milli Məclisin sədri 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonrakı dövrdə regionda mövcud olan vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirdiyi böyük miqyaslı bərpa və quruculuq işləri barədə də məlumat verib. Sahibə Qafarova deyib ki, Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayıb. Spiker diqqətə çatdırıb ki, bəzi ölkələrə münasibətdə BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə saat ərzində icra olunduğu halda, Azərbaycan 30 il dünyada mövcud olan ikili standartlardan əziyyət çəkib, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyulması, torpaqlarımızın qeyd-şərtsiz işğaldan azad olunması ilə bağlı beynəlxalq qətnamələr icra olunmayıb. 2020-ci ildə Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrini, beynəlxalq hüququn norma və prinsiplərini həyata keçirib, öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib.
Spiker Sahibə Qafarova deyib ki, hazırda Azərbaycan işğaldan azad etdiyi Qarabağda və Şərqi Zəngəzurda müasir şəhər və kəndlər tikir. Artıq məcburi köçkünlərimizin öz doğma torpaqlarına qayıtmasını nəzərdə tutan "Böyük qayıdış" proqramına start verilib.
Milli Məclisin sədri xatırladıb ki, Azərbaycan işğal qurbanı olmasına baxmayaraq, regionda uzunmüddətli sülhün və sabitliyin təmin olunması üçün səy göstərir və Ermənistana sülh sazişi imzalamağı təklif edib. Sülh müqaviləsinin imzalanması regionda sülh və sabitliyə gətirib çıxaracaq.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Sonra Milli Məclisin nümayəndə heyəti Serbiya Milli Assambleyasının binası ilə tanış olub. Spiker Sahibə Qafarova burada Xatirə kitabını imzalayıb.