Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2023 14:30
"İndi gözəl komediya filmləri çəkilir. Teatrlarda gözəl tamaşalar səhnələşdirilir. Amma buna baxmayaraq tamaşaçılar yenə də şikayət edirlər. Vallah, şəxsən mən övladımla birlikdə tamaşalara, filmlərə gedirəm. O qədər xoşumuza gəlir ki..."
Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında aktrisa Xuraman Əlizadə deyib. Aktrisa uşaqlıq arzusunun gerçəkləşdiyini bildirib.
"Uşaqlıqdan beynimdə formalaşdırırdım ki, aktrisa olacam. Hamıya deyirdim ki, məni tanıyacaqsınız, sevəcəksiniz. Halbuki uşaq idim. Anamla atam televiziya işçiləri idi. Qarşıma heç bir sədd çəkmədilər ki, olmaz. Adətən valideynlər qız övladlarının aktrisa olmasını istəmirlər. Günün bu gününə qədər atam məni dəstəkləyir. Anam bir az fərqli sənət seçməyimi istəyirdi. Deyirdi ki, "bəlkə həkim olasan?". Heç bir peşmanlığım yoxdur. Bu gün bütün ruzi-bərəkətim bu sənətlə bağlıdır. Nə xoş ki, bu sahədəyəm" deyə aktrisa bildirib.
Xuraman Əlizadə televiziyada ilk çəkildiyi tamaşadan da danışıb.
"Bu "Gəlinlər" televiziya tamaşası idi. Orada başqa bir aktrisa çəkilməli idi, sonradan imtina edib və deyib ki, "bu rol mənlik deyil". Məhərrəm Bədirzadə Yasin Qarayevə demişdi ki, "teatrınızda gənc, bu rola uyğun aktrisa varmı?". Yasin müəllim də məni məsləhət görmüşdü. Çəkildim, çox da uğurlu alındı. Gəlin-qaynana qlobal problem olduğu üçün həmişə də bu tamaşa baxılır. O tamaşa ilə tanındım və o tamaşaya görə televiziyaların birindən aparıcı kimi dəvət aldım" deyə sənətçi bildirib.
Aktrisa həyat yoldaşından, əvvəlki illərdə çəkildiyi filmlərindən də danışıb.
"Həyat yoldaşım məni "Toy" filmindəki Gümüş obrazımdan bəyənib. Onunla görüşəndə o bunu mənə dedi və biz sonra evləndik. Bu film uzun illər öncə lentə alınıb. İndi çəkilsəydi daha maraqlı olardı. Çünki o vaxt texnika saz vəziyyətdə deyildi, az inkişaf etmişdi. "Bu şəhərdə" ilə də əməkdaşlığım uğurlu olub. Xüsusilə də "Toy olsun" səhnəciyindəki Zorro obrazım sevilmişdi. Halbuki o obrazı oynamağa gedəndə, səhnəyə çıxmazdan öncə mənə bir zəng gəldi. O zəng həyatımı darmadağın etdi. Amma göz yaşımı silib, səhnəyə çıxdım. Biz aktyoruq, bir gözümüz gülür, bir gözümüz ağlayır" deyə aktrisa bildirib.
Aktrisa tik-tok səhifəsindən də danışıb.
"Tik-tokda tez-tez canlı yayımlar açıram. İzləyicilərə də deyirəm ki, "nə istəsəniz soruşun". Təbii ki, etika çərçivəsində. Məişət mövzularını müzakirə edirik, onları narahat edən, maraqlandıran sualları ünvanlayırlar. Ən çox da verilən sual xəyanətlə bağlıdır. Əlbəttə ki, mən də onlara ürək-dirək verirəm və deyirəm ki, "ailənizi qoruyun". Ara-sıra tik-tokda danışdıqlarım xəbər saytlarında manşet olur" deyə aktrisa bildirib.