Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Sentyabr 2023 07:52
Rusiyanın Moskva şəhərində həkimlər nəhəng yumurtalıq şişi olan xəstənin həyatını xilas ediblər. Moskva Regional Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutundan (МОНИИАГ) verilən xəbərə görə, 61 yaşlı qadın qarnının aşağı hissəsində ağrı, böyümə və ürəkbulanma şikayətləri ilə Dmitrov xəstəxanasına müraciət edib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, müayinə zamanı qadının yumurtalığında şiş aşkar edilib, bundan sonra xəstə təcili olaraq Moskva Regional Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna köçürülüb. İnstitutun baş elmi işçisi Natalya Şukinanın sözlərinə görə, törəmənin həcmi çox böyük olub.
"Boyu 165 sm olan xəstənin çəkisi 130 kiloqram olub, onun qarnının çevrəsi isə 150 sm-i keçib. Əlavə tədqiqatın nəticələrinə əsasən məlum olub ki, çanağı və qarın boşluğunu çoxkameralı və həcmi 30 litrə qədər olan nəhəng yumurtalıq şişi tutub", - deyə o bildirib.
Bundan əlavə, qadın həddindən artıq piylənmə, hipertoniya, karbohidrat mübadiləsinin pozulması, öd və böyrək daşı xəstəliyi, aşağı ətrafların şişməsi ilə ağır varikoz genişlənməsi, baldır və pəncələrin dərisində trofik dəyişikliklər, həmçinin uşaqlıq yolu xəstəliklərindən əziyyət çəkir. Sonuncunu nəzərə alaraq, həkimlər radikal müdaxilə etmək - bütün orqanı əlavələrlə birlikdə çıxarmaq qərarına gəliblər.
N.Şukina qeyd edib ki, tromboembolik ağırlaşmaların, qanaxmanın, bitişik orqanların zədələnməsinin, eləcə də irinli-septik fəsadların son dərəcə yüksək riskinə baxmayaraq, əməliyyat uğurla başa çatıb və qadın cəmi 100 millilitr qan itirib. Bunların hamısı anestezioloq və cərrahların yaxşı əlaqələndirilmiş işi sayəsində baş tutub. Müdaxilədən sonra isə ağır xəstələrə qulluq göstərilməsinin işlənib-hazırlanmış sistemi öz rolunu oynayıb.
"Əməliyyat zamanı çıxarılan yumurtalıq şişinin təcili diaqnostikası aparılıb, onun bədxassəli olması istisna edilib. Xəstə əməliyyatı yaxşı keçirib", - o əlavə edib.
Artıq əməliyyatdan 12 saat sonra qadın köməksiz hərəkət etməyə başlayıb və sonrakı reabilitasiya üçün tövsiyələrlə evə buraxılıb.
Maye çıxarıldıqdan sonra qalan şişin kapsulu
Şişin içindən çıxan 30 litr maye