Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Növbəti tibbi yardım briqadamız Xankəndinə yola salındı

Növbəti tibbi yardım briqadamız Xankəndinə yola salındı

Tarix: 30 Sentyabr 2023 19:00

Azərbaycan mərkəzi hakimiyyəti Xankəndiyə 5 təcili tibbi yardım avtomobili yola salıb.

Milli.Az xəbər verir ki, bu gün 5 təcili tibbi yardım avtomobili həkim heyəti ilə təcili tibbi yardım və müayinə işinin təşkili məqsədilə Xankəndiyə yola düşüb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli məqsədilə Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi altında İşçi qrup yaradılıb. İşçi qrup Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının çərçivəsində fəaliyyət göstərir.

Xatırladaq ki, 2023-cü il sentyabrın 25-də Xocalı şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədovun Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə növbəti görüşü keçirilib.

Görüşdə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin sosial-humanitar, iqtisadi və infrastruktur məsələlərin həlli üzrə rəhbərlik etdiyi işçi qrupun üzvlərinin cari fəaliyyət istiqamətlərini müəyyən etmək məqsədilə Xankəndi şəhəri də daxil olmaqla ərazidə kommunal, səhiyyə xidmətləri və digər mülki fəaliyyətlə məşğul olan müvafiq nümayəndələrlə görüşünün təşkili və birgə işçi qrupunun yaradılması barədə razılıq əldə olunub.

Təklif olunub ki, Xankəndi şəhəri yaxınlığında və ya Xocalı istiqamətində qurulması təklif olunan səhra hospitalında səhiyyə xidmətləri Azərbaycan və erməni əsilli tibb heyəti tərəfindən birgə təşkil edilsin. Həmçinin Azərbaycan və erməni xidmət personalı tərəfindən mobil qida təminatı xidmətinin yaradılması təklif edilib.

Xroniki ağır xəstəliklərdən əziyyət çəkən və ya xüsusi cərrahiyyə əməliyyatına ehtiyacı olan şəxslərə zəruri tibbi yardımın göstərilməsinə hazırlıq ifadə olunub.

Milli.Az


Etiketlər:  Növbəti tibbi yardım briqadamız Xankəndinə yola salındı


RƏYLƏR