Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2019 16:16
"Real"ın futbolçusu Qaret Beyl komandasının La Liqanın 11-ci turunda "Leqanes"lə oyunu zamanı stadionu vaxtından əvvəl tərk edib.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, zədəli olduğu üçün görüşü tribunadan izləyən uelsli hücumçu 82-ci dəqiqədə "Santyaqo Bernabeu"dan ayrılıb. O, Madrid klubunun 5-ci qolunu görməyib və komandasını qələbə münasibəti ilə paltardəyişmə otağında təbrik etməyib.
Bildirilib ki, Beyl belə addım ilk dəfədir ki, atmır. O, bu ilin martında "Barselona" ilə görüşün ikinci hissəsində əvəzlənməsindən bir neçə dəqiqə sonra stadionu tərk etmişdi.
Ancaq buna baxmayaraq, "Real" Beyli cəzalandırmayacaq. Çünki klubun qaydalarına əsasən, oyunçu 80-ci dəqiqədən sonra stadiondan çıxa bilər.
Qeyd edək ki, "Real"-"Leqanes" oyunu meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.