Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2019 20:20
Bakı. Trend:
Bu gün Mədəniyyət Nazirliyinin dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən istehsal edilən “Mədəni irsimizin səsi” sosial filminin təqdimatı keçirilib.
Trend-in məlumatına görə, filmdə Qarabağ müharibəsi zamanı Füzuli rayonunda dağıdılmış, uçurulmuş, vandalcasına məhv edilmiş tarixi-mədəni abidələrimiz nümayiş etdirilib. Füzuli rayonunda qədim dövrlərə aid tarixi-mədəni yerlər eləcə də XIII əsrə aid Babı türbəsi, Əhmədalılar türbəsi, Böyük Bəhmənli kənd məscidi, Aşağı Əbdürrəhmanlı kənd məzarlığı və qədim su kəhrizi haqda məlumatlar yer alıb.
Bildirilib ki, hələ Sovetlər dövründə xalqımızın qan yaddaşını təcəssüm etdirən bu mədəni abidələr heç bir əxlaqi dəyərlərə sığmadan müxtəlif təsərrüfat məqsədləri üçün, kimyəvi preparatların saxlanc yeri kimi istifadə edilmiş, bəziləri yandırılmış və ya baxımsız hala gətirilmiş, Böyük Bəhmənli kəndinin yaxınlığındakı qədim şəhəin qalıqları yer üzündən silinərək yerində əkin sahələri salınmışdır.
Qarabağ müharibəsi dövründə bir neçə ay erməni hərbi birləşmələrinin işğalı altında qalan kəndlərimizdəki tarixi-mədəni abidələrin dağıdıldığını, güllə boran edildiyini, uçurulduğunu bildirən BAMF prezidenti Umud Mirzəyev işğal altında qalan yurdlarımızın səsinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün təxirəsalınmaz işlərin görülməsinin vacib olduğunu bildirib. O, film haqda məlumatların ingilis, rus, türk, ərəb dillərində yayımlanacağını vurğulayıb. Abidələrin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən qismən bərpa olunduğu və hal-hazırda əsaslı təmirə ehtiyacı olduğu qeyd edilib.
Tədbirdə çıxış edən millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov işğal altında qalan tarixi-mədəni abidələrimizin Ermənistan tərəfindən saxtalaşdırlaraq dünyaya təqdim edildiyini və bu cür filmlərin saxtakarlığın qarşısını almaq baxımından əhəmiyyətli olduğunu bildirib. O, filmin ərsəyə gəlməsinə dəstək göstərdiyi üçün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Əliyev qısametrajda çəkilmiş filmin təkcə Füzuli rayonunda deyil, bütün Qarabağda törədilən vandalizm aktlarının dünyaya çatdırılmasındakı əhəmiyyətindən danışıb. O, belə filmlərin mətbuat və sosial şəbəkələr vasitəsi ilə dünyaya çıxarılmasının vacibliyindən danışıb.
Mədəniyyət Nazirliyinin nümayəndəsi Elnarə Quliyeva Mədəniyyət Nazirliyinin ölkəmizin tarixi-mədəni keçmişi ilə bağlı layihələrə dəstək olduğunu bildirib. Belə filmlərin gənclərin maarifləndirilməsi baxımından zəruriliyini qeyd edib. O, filmin istehsalında BAMF-a və əməyi keçən hər kəsə minnətdarlığını bildirib.
İki Sahil qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bu cür filmlərin sistemli şəkildə istehsalının və beynəlxalq təşkilatlara, diplomatik nümayəndəliklərə təqdim edilməsinin əhəmiyyətini qeyd edib. Belə filmlərin erməni vandalizmini dünyaya sübut edən maarifləndirici vasitə olduğunu bildirib.
Azərbaycan Dövlət Pedaqoji Kollecin rəhbəri İsrail İsgəndərov və təhsil işçisi, şəhid Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova belə filmlərin təhsil müəssisələrində gənc nəsil üçün nümayiş etdirilməsinin tarixi yaddaşın bərpası baxımdan əhəmiyyətini vurğulayıblar.
Sosial Tədqiqatlar Mərkəzinin nümayəndəsi, hüquqşunas Sahib Məmmədov tarixi-mədəni abidələrin işğaldan əvvəlki və müasir vəziyyətinə dair tədqiqatların aparılması və hesabatların hazırlanmasından danışıb.
Jurnalist Fuad Abbasov filmin əhəmiyyətini vurğulayaraq həqiqəti əks etdirən belə filmlərin sosial şəbəkələrdə daha aktiv şəkildə yayılması üçün müvafiq işlərin aparılmasının zəruriliyini qeyd edib.
Tarixçi-alim Şuhrat Barlas filmin çəkilişlərində iştirakından qürur duyduğunu və filmin Özbəkistanda, Qırğızıstanda, digər Orta Asiya ölkələrində nümayiş etdirilməsinin vacib olduğunu bildirib. O, filmə baxdıqca daşnakların fitnəkarlığı nəticəsində keçən əsrin əvvəllərində Özbəkistanda 1 milyon 700 min insanın öldürüldüyü, yüzlərlə tarixi-mədəni abidənin məhv edildiyi, 3500 caminin dağıdıldığı gözü önündə canlandığını və bundan təsirləndiyini diqqətə çatdırıb.
Qeyd edək ki, filmdə Qarabağın işğal olunmuş ərazilərində 1510 mədəniyyət müəssisəsi, 12 muzey, 6 rəsm qalereyası, tarixi əhəmiyyətli 9 sarayın qarət edilərək yandırılması, nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatın talan olunması eləcə də işğal olunmuş ərazilərdə qalan 152 ibadət yeri, məbəd, o cümlədən 62 məscidin erməni təcavüzünün qurbanına çevrilməsi, dağıdılan və yandırılan 927 kitabxanada 4,6 milyon kitab və misilsiz əlyazma nümunələrinin məhv edilməsinə dair məlumatlar yer alıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin