Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Oktyabr 2023 22:24
Fransanın indiki halda Ermənistanı silahlandırması tamam başqa məqsədlərə hesablanıb. Burada ikitərəfli münasibətlərdən daha çox məhz şəxsi maraqlar əsas götürülür. Amma bəzi məsələlər də diqqətdə saxlanılmalıdır. Ermənistana verilən silahların Azərbaycan üçün hansı durumda təhlükə və narahatlıq olması amilini də unutmaq olmaz.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bunu hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.
O qeyd edib ki, Ermənistanın hava məkanını qorumaq istəyən Fransa bununla əsas istiqamətdə ilk addım atmaq istəyir:
"Çünki Ermənistanın hava məkanı Rusiyanın verdiyi köhnə hava hücumundan müdafiə silahları ilə qorunur. İndi isə yeni nəsl silahlar verilir. Amma bu, yüz faizlik olmasa da, müəyyən çətir rolunu oynayacaq amil kimi dəyərləndirilir. Fakt odur ki, hərbi sənaye kompleksi inkişaf etmiş İsrail belə "HƏMAS" hücumlarından öz hava məkanını qoruya bilmədi".
Polkovnik hesab edir ki, Fransadan Ermənistana verilən hava hücumundan müdafiə silahları, raketlər bölgə üçün təhlükə yaratmaq gücündədir:
"Ona görə də, müəyyən gərginliklər, narahatlıqlar ola bilər. Azərbaycan tərəfi buna qarşı sözsüz ki, önləyici işlər görür. Həmin raketlərin hansı formada zərərsizləşdirilməsi ilə bağlı planlar da sözsüz ki, gündəmdə saxlanılan məsələlərdəndir".
Üzeyir Cəfərova görə, Ermənistanın bu raketlərlə Azərbaycana qarşı nəsə bir təhlükə yaratmaq imkanları da yoxdur:
"Burada əsas hədəf Rusiyadır. Fransa Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq üçün ilkin gedişlər edir. Ermənistana verilən silahlar da bu elementlərdən biridir. Bununla guya Ermənistanı Rusiyanın himayəsindən xilas edəcəklərini düşünürlər. Hətta Fransanın burada hərbi baza yaradacağı ilə bağlı da fikirlər səslənir. Bu, qısa zamanda sözsüz ki, mümkün deyil. Bütün bunlar isə Cənubi Qafqazda gərginliyin saxlanılmasına xidmət edir".