Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kiməm mən? Haradayam? Hara gedirəm?

Kiməm mən? Haradayam? Hara gedirəm?

Tarix: 29 Oktyabr 2023 00:16

Hey soruşuram özümdən. Amma cavab tapa bilmirəm. Gələnə soruram, gedəndən soruşuram, deyən yoxdu kiməm mən. Arxama baxıram, günləri keçirirəm, ayları ötürürəm, illər üstünə illər sayıram, amma özümü tanımadan.

Ətrafa baxıram, seyr edirəm. Hər şey fanidir axı. Qəlbimsə əbədi istəklərlə döyünür. Önümə baxıram, bilmirəm hara gedim. Deməli, tanımıram özümü. Bu ali yaradılan varlığı. Fani yaradılıb, amma fanilikdən əbədiliyə meyl edən, bu faniliklə deyil, əbədiliklə çırpınan, kiçik görünən, amma əslində əzəmətli qəlbin sahibini. Tanımıram. Tanıya bilmirəm. Çünki, onu Yaradanı da tanımıram.

Özümdən qafil olaraq günləri saydım.

Nəhayət bir gün.... Fitrətimə örtdüyüm o qara pərdələr arasında hidayət günəşinin şüası göründü. Özümü tanımadan o pak fitrətə bürüdüyüm təkəbbür libasını nəhayət ki, azca da olsa yırta bildim. O hidayət günəşini görmək üçün. Hidayət günəşinin şüasını hiss etmək üçün. Özümü özümə tanıda biləcək bu şüanın qəlbimə saçdığı hidayət nuruna qərq olmaq üçün.

Məni heç kim tanıda bilmədi özümə. Mənim unutduğum, amma məni heç unutmayan məni tanıtmaq istədi özümə. Mənim qaçdığım, amma hey mənə tərəf gələn, məni özümdən çox düşünən istədi tanıyam özümü.

Hər dəfə o nurundan saçdı qəlbimə. Saçdıqca tanıtdı özümü.

Hər dəfə nuru şölələndikcə utandım. Hər dəfə özümü tanıdıqca utandım. Tanımaq istədiyimdən utandım. Tanımaq istədiyim özümdən və tanımaq istədiyim Yaradanımdan. Özümün illərlə keçirdiyim qafillikdən, Onun illərlə üzümə düşən rəhmətindən. Özümün qaçışımdan, Onun məni səsləyən harayından. Özümün viranəliyimdən, Onun isə məni intizarla gözləməyindən. Özümün yaradıldığımdan və Onun yaradan olduğundan.

Bu zaman özümə nəzər saldım. Bu dəfə özümdən soruşdum: kiməm mən?!

Arxama baxdım. Saydığım günlərə, aylara, illərə. O saydığım zaman deyilmiş məgər, çiynimə yüklədiyim günah yüküymüş. Ətrafıma baxdım. Bu dəfə faniliyi görmədim, məni aldadanları gördüm. Arxamca kölgə kimi düşən, özümdən heç ayırmadığım, işvəsinə aldandığım, gözəllikləri gözlərimi qamaşdıran dünyanı gördüm.

Sanki indiyə kimi bu dünyanın xəyanətini görməmiş, neçələrini aldatdığının şahidi olmamışdım. Və.... önümə baxdım. Bu zaman isə məni çaş baş qoyan yollar görmədim. Bir yol gördüm və o düz yolu görə görə ondan ayrı düşənləri.

Ən son Sənə gəldim. Ən son Səni axtardım. Bütün qapılar üzümə bağlandı. Bircə açıq qapı gördüm.

Nə yaxşı Sən qapılarını bağlamamısan, mən ki Səndən getmişdim. Nə yaxşı məni tanıdın, mən ki Səni unutmuşdum. Nə yaxşı məni gözləyirdin, mən ki Səndən qaçmışdım, başqalarının sorağındaydım. Nə yaxşı nurunu saçdın, mən ki qəlbimi qaraltmışdım. Çünki O Sənsən, mən isə mən. Özünü tanıdan Sən və özünü tanımayan mən.


Etiketlər:  Kiməm mən Haradayam Hara gedirəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ