Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Noyabr 2023 00:32
Ruqya oxumaq şəfa tapmaq məqsədilə Quran ayələri və ya Peyğəmbərin - ona Allahın salamı və salavatı olsun - istifadə etdiyi zikr və duaları əlini xəstənin başına və ya ağrı olan yerinə qoyaraq oxumağa deyilir. Ruqya sığınmaq, qorunmaq mənasını verən kəlmədir. Peyğəmbər həm özünə, həm də başqalarına ruqya edərdi, habelə həm Cəbrail, həm də Aişə (Allah ondan razı olsun) ona ruqya edərdilər, həmçinin səhabələr (Allah onlardan razı olsun) də ruqya edərdi. Uca Allah buyurur:
"Biz, Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik". (əl-İsra, 82).
"De ki: "O, iman gətirənlərə hidayətdir və şəfadır". (Fussilət, 44).
"Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana bir şəfa, möminlərə hidayət və mərhəmət (Quran) gəlmişdir!" (Yunus, 57).
Aişə rəvayət edir ki: "Peyğəmbər xəstələndikdə, şərdən qoruyan surələri ("əl-İxlas", "əl-Fələq" və "ən-Nas" surələrini) özünə oxuyub üfürərdi. Xəstəliyi şiddətləndikdə isə mən bu surələrin bərəkətini Uca Allahdan umaraq onları onun üçün oxuyub əllərini bədəninə sürtərdim". (Səhih əl-Buxari, 5016).
Digər rəvayətdə isə Aişə belə demişdir: "Peyğəmbər hər gecə yatağına uzandıqda əllərini cütləşdirib onların içinə üfürər, sonra ora "əl-İxlas", "əl-Fələq" və "ən-Nas" surələrini oxuyar, daha sonra isə əllərini baş və üz nahiyəsindən başlayaraq, bacardığı qədər bədəninin hər yerinə sürtərdi. Beləcə, o, bunu üç dəfə təkrar edərdi". (Səhih əl-Buxari, 5017).
Ənəs ibn Malik demişdir: "Peyğəmbər ənsardan olan bir ailəyə (zəhərli heyvan) sancmasını və qulaq ağrısını müalicə etmək üçün ruqya oxumağa izin vermişdir". (Səhih əl-Buxari, 5719).
Ummu Sələmə rəvayət edir ki, bir dəfə Peyğəmbər onun evində üzünün rəngi dəyişmiş bir qız uşağı görüb dedi: "Bu qızcığaza ruqya oxuyun, çünki ona göz dəyib". (Səhih əl-Buxari, 5739).
Həmçinin, ruqya oxumaq cadu, qorxu, vəsvəsə və s. mənəvi xəstəliklərə qarşı əvəzolunmaz müalicə üsuludur. Allah Rəsulunun bunun müalicəsi üçün Qurandan əl-Fatihə surəsi, Bəqərə surəsinin ilk 4 ayəsi, Bəqərə surəsinin 163-164-cü ayələri, Ayətul Kursi, əl-Bəqərə surəsinin son 2 ayəsi, Ali İmran surəsinin 18-ci ayəsi, əl-Əraf surəsinin 54-cü ayəsi, əs-Saffət surəsinin ilk 10 ayəsi, əl-Həşr surəsinin son 3 ayəsi, əl-Cin surəsinin ilk 3 ayəsi, əl-İxlas, əl-Fələq və ən-Nas surələri və digər ayələr oxuduğu rəvayət edilir. (İbn Məcəh).
Üç şərt olduğu halda ruqya etməyə icazə verilir.
Birincisi, ruqya Uca Allahın kəlamları, ad və sifətləri ilə olmalıdır. Ruqyanın sözlərində şəriətə müxalif sözlər olmamalıdır. Uca Allahdan başqasına dua etmək, yaxud cinlərdən mədəd diləmək və ya başqa bu kimi şirk ovsunlar oxumaq haramdır. Uca Allah buyurur:
"Allahı qoyub, sənə nə bir fayda, nə də bir zərər verə bilməyən şeylərə yalvarma. Əgər belə etsən, sözsüz ki, zalımlardan olarsan". (Yunus, 106).
İkincisi, ruqyanın sözləri aydın və mənası başa düşülən olmalıdır. Mənası başa düşülməyən tilsimləri oxumaq haramdır.
Üçüncüsü, ruqya edən qəti inanmalıdır ki, ruqya özü təsir edən qüvvəyə malik deyildir. Əslində ruqya Uca Allahın qüdrəti və istəyi olmadan təsir edə bilməz. Ruqya oxumaq bir səbəbdir, çünki istədiyinə şəfa verən yalnız Uca Allahdır. Yuxarıdakı şərtləri özündə cəm etməyən bütün digər növ ruqya və ovsunlar haramdır.