Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Noyabr 2023 05:02
Səhabə Peyğəmbəri (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) görüb İslamı qəbul edən və müsəlman olduğu halda ölən kəsə deyilir. Səhabələr (Allah onlardan razı olsun) Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) sonra, ən xeyirli insanlardır. Onları dost tutmaq, onları sevmək, onlardan razı qalmaq hər bir müsəlmana vacibdir. Onları sevmək dindar və mömin olmağın, habelə mərhəmətli Allaha yaxınlaşmağın əlaməti, onlara nifrət bəsləmək isə kafirliyin və üsyankarlığın əlamətidir. Onlar bu dini qısa bir vaxt ərzində yer üzünün hər tərəfinə yaymış, Allah onların əli ilə bir çox diyarları fəth etmiş, beləliklə də, insanlar dəstə-dəstə bu dinə daxil olmuşlar. Səhabələr həqiqi mömin sayıldıqları, habelə ən fəzilətli möminlər hesab olunduqları üçün onları dost tutmaq və onları sevmək, möminliyin əlamətidir.
Abdullah ibn Məsud (Allah ondan razı olsun) demişdir: "Bir nəfər Peyğəmbərin yanına gəlib dedi: "Ya Rəsulullah! Bir qövmü sevib onlara yetişə bilməyən kəs haqda nə deyirsən?" Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "İnsan sevdiyi kəslə birlikdə olacaqdır". (Muslim, 6168).
Uca Allah səhabələri tərifləmiş və onlara Cənnəti vəd etmişdir. O, buyurur: "Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsarlara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Allah onlar üçün ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur". (ət-Tovbə, 100).
Səhabələrin ən xeyirlisi İslamı qəbul etməkdə hamını ötüb keçmiş mühacirlər, sonra ənsar, sonra Bədr döyüşündə iştirak edənlər, sonra Uhud döyüşündə iştirak edənlər, sonra Əhzab döyüşündə iştirak edənlər, sonra Ridvan beyətində iştirak edənlər, sonra Məkkənin fəthindən öncə hicrət edib döyüşənlər, sonra da Məkkənin fəthindən sonra hicrət edənlərdir. Mühacir Məkkədən Mədinə şəhərinə hicrət edənlər, ənsar isə Mədinədə Peyğəmbərə və mühacirlərə sığınacaq verənlərdir. Bunların hamısını Allah gözəl aqibətlə müjdələmişdir.
Səhabələrin ən xeyirlisi raşidi xəlifələr - Əbu Bəkr əs-Siddiq, Ömər əl-Faruq, Osman zin-Nureyn, Əbu Sibteyn Əli ibn Əbu Talib, sonra Abdur-Rahmən ibn Auf, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) həvarisi Zubeyr ibn Əvvam, Təlhə ibn Ubeydullah, Səd ibn Əbu Vaqqas, bu ümmətin ən etibarlısı Əbu Ubeydə ibnul-Cərrah, Səid ibn Zeyd ibn Nufeyldir.
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Şübhəsiz ki, aranızdan (uzun bir ömür) yaşayacaq olanlar bir çox ayrılıqlar görəcəklər. Mən sizə mənim sünnətimə və hidayətdə olan Rəşidi xəlifələrin sünnəsinə sarılmağını tövsiyə edirəm. Ona möhkəm sarılın, arxa dişlərinizlə ondan yapışın...". (Əbu Dəvud, 4607).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "On nəfər Cənnətdə olacaq. Peyğəmbər Cənnətlikdir, Əbu Bəkr Cənnətlikdir, Ömər Cənnətlikdir, Osman Cənnətlikdir, Əli Cənnətlikdir, Təlhə Cənnətlikdir, Zubeyr ibn Əvvam Cənnətlikdir, Sə'd ibn Malik Cənnətlikdir, Abdur-Rahmən ibn Auf Cənnətlikdir". Sonra dedi: "Əgər istəsən sənə onuncunun da kim olduğunu xəbər verərəm". Soruşdular: "O kimdir elə?" O bir qədər susduqdan sonra yenə soruşdular: "O kimdir elə?" O dedi: "Səid ibn Zeyd".
Peyğəmbər (salləllahu aleyhi və səlləm) bu on nəfərdən başqalarını da Cənnətlə müjdələmişdir. Onlardan Abdullah ibn Məsudu, Bilal ibn Əbu Rabahı, Ukkaşə ibn Mihsanı, Cəfər ibn Əbu Talibi və bir çox başqalarını misal göstərmək olar. Allah bütün səhabələrdən razı olsun!